Sabah UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Avropanın ən nüfuzlu klub turnirində növbəti raundun cütlükləri müəyyənləşəcək və azarkeşləri bir-birindən maraqlı qarşılaşmalar gözləyir.
Artıq 1/8 finalda üz-üzə gəlməsi ehtimal olunan komandaların siyahısı açıqlanıb. Qitənin aparıcı klublarının mümkün rəqibləri futbol ictimaiyyətində böyük maraq doğurub.
Favoritlər kimlərlə qarşılaşa bilər?
Mövcud ssenariyə əsasən, “Real Madrid” növbəti mərhələdə ya “Mançester Siti”, ya da “Sportinq”lə qarşılaşa bilər. PSJ üçün mümkün rəqiblər “Barselona” və ya “Çelsi”dir.
Türkiyə təmsilçisi “Qalatasaray”ın yolu isə İngiltərə klublarından biri ilə kəsişə bilər – komanda “Liverpul” və ya “Tottenhem”lə qarşılaşmaq ehtimalına malikdir.
Digər mümkün cütlüklər də diqqət çəkir. “Atalanta” üçün variantlar “Bavariya” və ya “Arsenal”dır. “Nyukasl”ın potensial rəqibləri “Barselona” və ya “Çelsi”dir. “Atletiko” isə “Liverpul” və ya “Tottenhem”lə üz-üzə gələ bilər.
Bundan əlavə, “Bayer Leverkuzen”in qarşısına “Bavariya” və ya “Arsenal” çıxa bilər. Norveç təmsilçisi “Bodo-Qlimt” isə ya “Mançester Siti”, ya da “Sportinq”lə oynaya bilər.
Püşkün nəticələri sabah rəsmən açıqlanacaq və 1/8 final mərhələsində hansı nəhənglərin toqquşacağına aydınlıq gələcək. Turnirin bu mərhələsi artıq mübarizənin daha da gərgin və həlledici xarakter alacağını vəd edir.



