UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyun günü böyük həyəcanla başlayıb və azarkeşlərə yadda qalan nəticələr bəxş edib.
İstanbulda turnirin favoritlərindən sayılan “Liverpul”u qəbul edən “Qalatasaray” minimal hesablı qələbə ilə sürpriz edib və mərhələ üçün iddiasını ortaya qoyub.
Günün digər qarşılaşmalarında nələr baş verdi?
İngiltərədə keçirilən “Nyukasl” – “Barselona” görüşü dramatik sonluqla diqqət çəkib. Son dəqiqələrdə Barnesin qolu meydan sahiblərinə ümid yaratsa da, Yamalın 90+6-cı dəqiqədə penaltidən vurduğu qol kataloniyalılara heç-heçə qazandırıb.
Madrid “Atletiko”su isə möhtəşəm oyun sərgiləyərək “Tottenhem”i 5:2 hesabı ilə darmadağın edib. Eyni zamanda, “Bayern Münhen” də inanılmaz nəticə ilə yadda qalıb — alman nəhəngi səfərdə “Atalanta”nı 6:1 məğlub edərək günün ən böyükhesablı qələbəsini əldə edib.
Oyun nəticələri:
Qalatasaray (Türkiyə) – Liverpul (İngiltərə) 1:0
Qol: Lemina, 7.
Atletiko (İspaniya) – Tottenhem (İngiltərə) 5:2
Qollar: Lyorente, 6; Qrizmann, 14; X. Alvares, 15, 55; Le Normand, 22 – Porro, 26; Solanke, 76.
Nyukasl (İngiltərə) – Barselona (İspaniya) 1:1
Qollar: Barns, 87 – Yamal, 90+6 (pen.)
Atalanta (İtaliya) – Bayern (Almaniya) 1:6
Qollar: Paşaliç, 90+3 – Stanişiç, 12; Olise, 22, 64; Qnabri, 25; N. Cekson, 52; Musiala, 67.
Sabahkı qarşılaşmalar
1/8 final mərhələsi bu gün keçiriləcək daha dörd oyunla davam edəcək. Turnirin ən intriqalı cütlüklərindən biri — “Real Madrid”lə “Mançester Siti”nin dueli azarkeşlərin böyük marağına səbəb olur. Eyni zamanda “PSJ–Çelsi”, “Bayer–Arsenal” və “Bodo/Qlimt–Sportinq” matçları da mərhələnin taleyinə ciddi təsir göstərəcək.
- 21:45 – Bayer 04 – Arsenal
- 23:59 – Bodo/Qlimt – Sportinq
- 23:59 – PSJ – Çelsi
- 23:59 – Real Madrid – Mançester Siti



