2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb. Püşkatma nəticəsində raundun yarımfinal mərhələsində üz-üzə gələcək komandalar bəlli olub. Bu oyunlar 26-31 mart 2026-cı il tarixlərində təşkil olunacaq.
Təyin olunan qruplar aşağıdakılardır:
- A qrupu: İtaliya – Şimali İrlandiya, Uels – Bosniya və Herseqovina
- B qrupu: Ukrayna – İsveç, Polşa – Albaniya
- C qrupu: Türkiyə – Rumıniya, Slovakiya – Kosovo
- D qrupu: Danimarka – Şimali Makedoniya, Çexiya – İrlandiya
Bundan başqa, qitələrarası püşkün nəticəsinə əsasən, Yeni Kaledoniya və Yamayka arasında qalib mundiala vəsiqə üçün Konqo Demokratik Respublikası ilə mübarizə aparacaq. Boliviya və Surinam arasında turnirin qalibi isə İraqla oyunlardan sonra vəsiqə məsələsini aydınlaşdıracaq.
Dünya Çempionatının final mərhələsində iştirak hüququ qazanan ölkələrə ABŞ, Kanada, Meksika, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika daxildir.
Qeyd edək ki, DÇ-2026 turniri 11 iyun – 19 iyul tarixlərində keçiriləcək və ümumilikdə 48 komanda iştirak edəcək.



