Bu axşam Azərbaycan milli futbol komandası DÇ-2026-nın seçmə mərhələsində Parisdə “Park de Prens” stadionunda Fransa ilə üz-üzə gələcək. Ayxan Abbasovun rəhbərlik etdiyi yığma üçün bu, qrup mərhələsində III turun oyunu olacaq və görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Qrupun indiyədəkki matçlarına nəzər salsaq, Fransa səfərdə Ukraynanı 2:0, evdə isə İslandiyanı 2:1 hesabı ilə məğlub edib və D qrupunda altı xalla liderdir. Azərbaycan millisi isə ilk turda səfərdə İslandiyaya 0:5 hesabı ilə uduzsa da, ikinci oyunda Bakıda Ukrayna ilə 1:1 bərabərə qalıb və hazırda bir xalla sonuncu – dördüncü mövqedədir.
Tarixə baxdıqda, komandalar daha əvvəl iki dəfə qarşılaşıb və hər iki görüş Fransanın qələbəsi ilə nəticələnib: 1994-cü ildə Trabzonda keçirilmiş matçda 0:2, 1995-ci ildə Oser şəhərində isə 0:10 hesabı qeydə alınıb.
Bu turun digər qarşılaşmasında isə İslandiya öz meydanında Ukrayna yığmasını qəbul edəcək. Hakimlər briqadasına Norveçdən olan Rohit Saqqi başçılıq edəcək, oyun isə VAR sistemi ilə müşayiət olunacaq.



