Fransa yığmasının baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan oyunundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb. O, Azərbaycan futbolçularının Ukrayna ilə son ev oyunundakı (1:1) nəticənin milli heyətdə yüksək ruh yaratdığını qeyd edib: “Onların itirəcəyi heç nə yoxdur və meydanda bütün qüvvələrini sərf edəcəklər”.
57 yaşlı məşqçi həmçinin bildirib ki, Fransa komandası qapısına təhlükəli anların yaşanmasına imkan verməyəcək: “Meydana “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmamalıyıq. Rəqib heyətində bu mövsüm Çempionlar Liqasına uğurlu start verən “Qarabağ” klubundan 7 oyunçu var. Çox şey bizdən asılı olacaq. Azərbaycan millisi müdafiədə maksimum səylə çalışacaq və bizim də bu müdafiəni yarmaq üçün strategiyamız olmalıdır”.
Deşam hazırda İslandiya ilə oyun yox, məhz sabahkı görüş haqda düşündüyünü vurğulayıb: “Eyni heyəti daima meydanda görmək planım yoxdur. Fokusumuz yalnız yaxın qarşılaşmadadır, çünki hər an vəziyyət dəyişə bilər”.
Qeyd edək ki, Fransa – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.



