Azərbaycan Basketbol Liqasının 10-cu turunda baş tutan “Naxçıvan” və “Sabah” komandalarının qarşılaşmasında Naxçıvan klubu 80:75 hesabı ilə qalib gəldi. Sport-az.com xəbər verir ki, hər iki komandanın baş məşqçiləri – Murat Dikmen (“Naxçıvan”) və Rimas Kurtinaytis (“Sabah”) oyun haqqında fikirlərini bölüşüblər.
Murad Dikmen (“Naxçıvan”)
“İlk növbədə, oyunçularımı təbrik edirəm. Onlar əla komanda oyunu nümayiş etdirdilər. Əgər təxirə salınmış oyunu da qazansaq, liqanın yeni lideri olacağıq. Buna görə klub rəhbərliyini, oyunçularımı və klubumuzda çalışan hər kəsi təbrik edirəm. Biz bu matça yaxşı hazırlaşmışdıq. Əvvəlki “Sabah”la qarşılaşmada son saniyələrdəki zərbə üzündən məğlub olmuşduq. O zaman üç dəfə zərbə etməyə çalışdıq, lakin heç biri uğurlu alınmadı. Amma bu gün oyunçularım revanş üçün əsl xarakter göstərdilər.
“Naxçıvan” komandası liqaya rəng qatır, çünki biz gözəl basketbol oynayırıq. Məqsədimiz mövsümün sonunda həm liqa, həm də kubok finalında iştirak etmək və ən azı onlardan birini qazanmaqdır. Ümid edirəm ki, bu basketbolçularla bunu bacaracağıq. İnanıram ki, biz kuboklardan birini qazanacağıq.”
Rimas Kurtinaytis (“Sabah”)
“Rəqib qalibiyyəti tamamilə haqq etdi. Adətən biz oyuna nəzarət edirik, lakin bu dəfə rəqib görüşün tempini diktə etdi. Oyun bərabər başladı, amma rəqib irəli keçəndən sonra biz tələskənliyə yol verdik. Unutmaq olmaz ki, oyun 10 deyil, 40 dəqiqə davam edir. Müdafiədə fərdi səhvlərə yol verdik və bu, nəticədə öz əksini tapdı. Əlbəttə, bütün oyunları qazanıb çempion olmaq çətindir.
Yeni transferə gəldikdə isə, onun yüksək keyfiyyətli oyunçu olduğu görünür. Lakin komandanın oyun fəlsəfəsinə uyğunlaşmaq üçün zamana ehtiyacı var. Onun basketbol intellekti yüksəkdir və düşünürəm ki, bizə faydalı olacaq.”