Futbol tarixində öz izi ilə seçilən Neymar, Lionel Messi və Luis Suaresin bir zamanlar “Barselona”da yaratdıqları əfsanəvi üçlük yenidən formalaşa bilər. “Daily Mail”ə istinadən xəbər verir ki, ABŞ-ın “İnter Mayami” klubu “Santos”da çıxış edən Neymarı heyətinə qatmaq istiqamətində iş aparır.
“İnter Mayami” artıq Lionel Messi, Luis Suares, Jordi Alba və Serxio Buskets kimi keçmiş “Barselona”nın ulduzlarını öz sıralarında birləşdirib. Klub bu dəfə Neymarın da transferini reallaşdıraraq məşhur üçlüyü yenidən bir araya gətirməyi hədəfləyir.
Neymarın mövcud müqaviləsi “Santos” klubunda mövsümün sonunda başa çatacaq və MLS komandası onu azad agent kimi gələn mövsümə pulsuz gətirə biləcək.
Bu transfer “İnter Mayami”nin gücünü əhəmiyyətli dərəcədə artıracaq və futbolsevərlər üçün yenidən unudulmaz oyunlara şahidlik etmək fürsəti yaradacaq.



