40 yaşlı britaniyalı pilot və yeddiqat dünya çempionu Lyuis Həmilton, hazırda çıxış etdiyi “Ferrari” komandası ilə bağlı 2025-ci il “Formula-1” mövsümündəki vəziyyəti dəyərləndirib. Onun sözlərini Sport-az.com, Racingnews365 portalına istinadla yayıb.
Həmilton mövsümdə komandasının titul uğrunda mübarizə aparmadığını etiraf edib:
“Bilirəm ki, bu il biz qələbə uğrunda mübarizə aparmırıq. Aydın şəkildə anlayıram ki, biz çempionluq yarışında deyilik və bu, heç də xoş hiss deyil. Həm də başa düşürəm ki, bu, mənim komandaya uyğunlaşma dövrümdür — birlikdə təməl yaratmaq, davamlılıq qazanmaq, düzgün strategiya qurmaq və sair.”
Ferrari-yə keçidindən sonra adaptasiya prosesinin davam etdiyini vurğulayan təcrübəli pilot, real nəticələrin vaxt tələb etdiyini deyib. Lakin liderlər qrupunda olmamaq onu ruhdan salır:
“Bütün bunları nəzərə alaraq vəziyyətim normaldır, lakin təbii ki, mən qələbə istəyirəm. Əgər liderlər arasında deyilsənsə, podium uğrunda da mübarizə aparmırsan və bu da məni açıq şəkildə bir qədər məyus edir.”
O, xüsusilə Kanada Qran Prisində (Monreal) nəticə göstərmək istədiyini bildirib:
“Ümid edirdim ki, Monrealdakı yarışda podium uğrunda mübarizə aparacağam, amma görünür ki, biz istədiyimiz sürəti tapa bilmədik.”
Həmiltonun “Ferrari” ilə məqsədi yalnız uzunmüddətli inkişaf deyil, həm də real nəticələrə çatmaqdır. Mövsümün növbəti yarışlarında britaniyalı pilotun performansı azarkeşlər və ekspertlər tərəfindən maraqla izləniləcək.