Gənclər və İdman Nazirliyinin “Səhər idmanı” layihəsi paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq və günə gümrah başlamağa kömək etmək məqsədi daşıyır.
Nazirliyin idman səfiri, sabiq taekvondoçu Fəridə Əzizova jurnalistlərə açıqlamasında layihəni yüksək qiymətləndirib: “Düşünürəm ki, bu Gənclər və İdman Nazirliyinin gözəl layihələrindən biridir. Belə tədbirlərin keçirilməsi çox yaxşı haldır. Sadə vətəndaşlar da idman hərəkətləri edərək günə daha gümrah şəkildə başlaya bilərlər. Bu kimi layihələr ona görə yaxşıdır ki, hər kəs idman edir. Həmçinin veteran idmançılar da iştirak edir. Bu, həm bədənimizin oyanması, həm də günə gümrah başlamaq üçün gözəl addımdır”.
Qeyd edək ki, nazirlik sentyabrın 4-də “Sağlam həyat” layihəsi çərçivəsində bu təşəbbüsə start verib. Həftəiçi 6 gün səhər saat 7-dən 8-dək Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında keçirilən məşqlərə idman jurnalistləri, səfirlər, veteranlar və gənclər də qoşulub. Məqsəd idmanı hər bir şəxsin gündəlik həyat tərzinə çevirmək və ümumi rifahı yüksəltməkdir.



