FİFA 2026-cı ilin dünya çempionatından əvvəl ofsayd qaydasında mühüm dəyişiklik etməyi planlaşdırır. Bu barədə məlumatı “Mundo Deportivo”ya istinadən yayıb. Dəyişiklik ideyasının müəllifi FIFA-nın dünya futbolunun inkişafı üzrə direktoru, sabiq məşqçi və oyunçu Arsen Vengerdir. O, “Venger qanunu” adlandırılan yeni ofsayd qaydasını irəli sürüb.
Venger qanununa əsasən, ofsayd yalnız hücumçu ilə müdafiəçi arasında açıq, görünən boşluq olduqda qeydə alınacaq. Oyunçular eyni xəttdədirsə — məsələn, hücumçunun dabanı müdafiəçinin ayaq üstü ilə üst-üstə düşürsə — ofsayd elan olunmayacaq. Bu yanaşma hələ çəkişməli olan “millimetrlik ofsayd” hallarını aradan qaldırmaq məqsədi daşıyır.
Keçmiş hakim, ekspert komitəsinin üzvü Eduardo İtturralde Qonsales prosesi belə izah edir: “Oktyabrın sonu və ya noyabr ayında 23 oyunçu və 11 hakimdən ibarət ekspertlər qrupu yeni təklifləri araşdıracaq. Komitəyə təşəbbüsün müəllifi Venger rəhbərlik edir. İdeya bu mərhələdən keçərsə, 20 yanvarda illik toplantıda, daha sonra isə fevralın sonu və ya martın əvvəlində keçiriləcək ümumi iclasda müzakirə olunacaq. Təkliflərin 95%-i qəbul edilir.”
Qaydanın tətbiqi üçün son qərar 2026-cı ilin ilk aylarında verilməlidir. Yeni ofsayd qaydası dünya çempionatı ərəfəsində sınaqdan keçirilə bilər. Bu dəyişiklik futbol oyununda hakim qərarlarının daha düzgün və anlayışlı olmasına, eyni zamanda oyunun da daha cəlbedici keçməsinə xidmət edəcək.