“Barselona”nın baş məşqçisi Hansi Flik gələcək planları ilə bağlı maraqlı açıqlamalar verib. Alman mütəxəssis bildirib ki, Kataloniya klubu onun məşqçilik karyerasında son dayanacaq ola bilər və hazırda başqa variantları düşünmür.
Qeyd edək ki, yaxın günlərdə klub rəhbərliyi Fliklə müqavilənin 2028-ci ilə qədər uzadıldığını rəsmən açıqlayıb. Təcrübəli mütəxəssis isə bu qərardan məmnun olduğunu gizlətməyib.
“Başqa klub barədə düşünmürəm”
Flik jurnalistlərlə söhbətində gələcəyi ilə bağlı belə danışıb:
“Hazırda başqa komandaya keçmək və ya yeni variantlar barədə düşünmürəm. Buna ehtiyac da görmürəm. Mən buradayam və çox xoşbəxtəm. Açığı, düşünürəm ki, bu, mənim karyeramda son klub və son işim ola bilər”.
Baş məşqçi həmçinin klub prezidenti Joan Laportanın ona ilk günlərdə verdiyi mesajdan da söz açıb. Onun sözlərinə görə, həmin məktubda “Barselona”nın fəlsəfəsi və tarixi xüsusi vurğulanıb:
“Laporta məktubunda klubun dəyərlərindən bəhs edirdi. Düşünürəm ki, o, Johan Kroyfun yaratdığı modeli nümunə göstərirdi. Burada əsas məsələ yalnız qalib gəlmək deyil, necə qalib gəlməkdir. Oyun üslubu və fəlsəfə bu klub üçün çox vacibdir”.
Komandadaxili sabitlik əsas prioritetdir
Flik klub daxilində strukturun əhəmiyyətinə də toxunub. Onun fikrincə, uğur üçün düzgün təşkilatlanma həlledici rol oynayır:
“Daxildə aydın və sabit struktur qurmaq çox vacibdir. Bu, komandaya sabitlik gətirir və nəticələrə birbaşa təsir edir. Məncə, bu, uğurun əsas şərtlərindən biridir”.
Mütəxəssis həmçinin komandanın prezidentlə görüşünü də təsdiqləyib. Bildirib ki, matç öncəsi keçirilən görüşdə Laporta futbolçularla danışaraq onlara motivasiya verib və uğurlar arzulayıb.



