Formula-1 rəhbərliyi yaxın zamanda texniki qaydalarda ciddi dəyişiklikləri müzakirə etməyə hazırlaşır. Bu təşəbbüsün əsas səbəbi Yaponiya Qran-prisində baş verən Oliver Bermanın qəzası və təhlükəsizliklə bağlı yaranan narahatlıqlardır.
Məlumata görə, aprelin 9-da keçiriləcək xüsusi sammitdə əsas diqqət məhz təhlükəsizlik məsələlərinə yönəldiləcək. Mütəxəssislər gələcəkdə bu cür insidentlərin qarşısını almaq üçün yeni texniki həllər üzərində işləyəcəklər.
Təhlükəli sürət fərqləri problem yaradır
Yaponiya mərhələsində baş verən qəza aktiv aerodinamika və enerji idarəetməsi ilə bağlı problemləri bir daha gündəmə gətirib. Hazırda bolidlər arasında sürət fərqi bəzən 50 km/saatadək yüksəlir. Bu fərq xüsusilə batareyanı dolduran maşınlarla əlavə gücdən istifadə edənlər arasında yaranır və trasda təhlükəli vəziyyətlərə səbəb olur.
Bermanın qəzası da məhz belə şəraitdə baş verib. Bu səbəbdən Formula-1 rəhbərliyi sürət fərqlərinin azaldılmasını prioritet hesab edir.
Müzakirə olunan dəyişikliklər yalnız təhlükəsizliklə məhdudlaşmır. Təşkilatçılar eyni zamanda sıralama turunun daha dinamik və tamaşaçı üçün cəlbedici olmasını istəyirlər. Hazırkı sistemdə pilotlar enerjiyə qənaət etməyə məcbur olur, bu isə trasda tempin düşməsinə səbəb olur.
Problemin həlli üçün bir neçə variant nəzərdən keçirilir:
- Enerji istehlakının azaldılması
- “Lift-and-coast” taktikasının aradan qaldırılması
- Enerji toplama limitinin aşağı salınması
Hazırda ən ciddi müzakirə olunan variant dövrə üzrə enerji yığımı limitinin 9 MJ-dən 6 MJ-ə endirilməsidir. Yaponiya Qran-prisində bu göstərici müvəqqəti olaraq 8 MJ-a salınmışdı. Yeni limit tətbiq olunarsa, pilotlar trasın böyük hissəsində maksimum sürətlə hərəkət edə biləcəklər.
Qeyd edək ki, son yarışda “Mercedes”in gənc pilotu Andrea Kimi Antonelli qalib gəlib. “McLaren”dən Oskar Piastri ikinci, “Ferrari”dən Şarl Lekler isə üçüncü yeri tutub. Oliver Berman isə qəza səbəbilə finişə çata bilməyib.



