Formula 1-də yeni dövr başlayır: Cadillac debüt öncəsi 1 milyard dollardan çox sərmayə yatırdı

Bu mövsüm Formula 1 tarixində xüsusi əhəmiyyət daşıyır. On ildən sonra ilk dəfə çempionata yeni komanda qoşulur və həmin komanda ABŞ-nin avtomobil nəhəngi General Motors-un tərkibində fəaliyyət göstərən Cadillac olacaq.

Debütünü Melburnda baş tutacaq Qran-pridə edən komanda təkcə idman layihəsi kimi deyil, həm də qlobal səviyyədə böyük marketinq strategiyasının bir hissəsi kimi təqdim olunur.

F1-in sürətli yüksəlişi və Cadillac-ın məqsədi

Son illərdə Formula 1-in populyarlığı rekord həddə çatıb. “Netflix” platformasında yayımlanan Drive to Survive serialı F1-in kulislərini yeni nəsil azarkeşlərə açır və izləyici bazasını sürətlə artırır.

2025-ci ilin sonunda çempionatın dünya üzrə fan-kütləsi 800 milyon nəfəri keçib — bu, 2018-ci illə müqayisədə 63% artım deməkdir. Bu dinamika Cadillac üçün unikal fürsət yaradıb.

Şirkət debüt öncəsi böyük reklam kampaniyasına başlayıb və hətta Super Bowl 2026 üçün dəyəri təxminən 20 milyon dollar olan xüsusi reklam çarxı çəkilib. Nyu-Yorkdakı Times Square-də qurulan geri sayım instalasiyası isə Amerikanın qlobal avtoidmanda yeni təmsilçisinin ambisiyasını daha da önə çıxarıb.

Komandaya giriş: yüz milyonlarla dollar sərmayə

Formula 1-ə daxil olmaq kifayət qədər bahalı prosesdir. Cadillac-ın ilk böyük ödənişi çempionatta mövcud gəlirlərin bölüşdürülməsinə görə komandaların kompensasiyası hesab edilən 450 milyon dollarlıq giriş haqqı olub. Bu məbləğ 10 hazırkı komandaya bölüşdürülür.

GM bununla kifayətlənməyərək layihənin texnoloji hissəsinə də yüz milyonlarla dollar yatırıb:

  • Şimali Karolinada mühərrik istehsalı və inkişafı üçün tikilən zavod — 140 milyon dollar,
  • F1 komandalarından təcrübəli mühəndislərin və menecerlərin transferi — 200–300 milyon dollar,
  • Avtomobillərin hazırlanması, yarış logistikası və sürücülərin müqavilələri üçün əlavə xərclər.

Komandanın ilk mövsümdə sürücülərinin Sergio PerezValtteri Bottas olacağı gözlənilir. Onların illik müqavilə dəyərləri müvafiq olaraq təxminən 8 milyon5 milyon dollar qiymətləndirilir.

Ümumi investisiya paketi isə debüt yarışı başlamadan əvvəl artıq 1 milyard dollardan çox olub.

Amerikan ruhuna əsaslanan brend strategiyası

Cadillac eyni zamanda kommersiya tərəfini də gücləndirir. Komanda hazırda titul sponsorluğu üzrə danışıqlar aparır və bu əməkdaşlığın onlara illik 70 milyon dollar qazandıra biləcəyi bildirilir.

İlk böyük tərəfdaşlığın isə ABŞ-ın məşhur geyim brendi Tommy Hilfiger ilə bağlandığı açıqlanıb. Strategiyanın əsas məqsədi — F1-də güclü Amerika kimliyi olan yeni komanda formalaşdırmaqdır.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni