2025-ci il Formula 1 mövsümünün ikinci mərhələsi olan Çin Qran-prisinin proqramı 22 mart cümə günü Şanxayda başlayacaq. Bu mərhələ cari mövsümdə sprint yarışı formatında keçiriləcək ilk yarış olacaq. Ümumilikdə 2025-ci ildə altı Qran-pri sprint yarışı ilə müşayiət olunacaq.
Sprint formatının cədvəli və xallandırılması
Yarış həftəsonu ənənəvi qaydadan fərqli təşkil olunacaq. Cümə günü pilotlar sərbəst yürüş sessiyasına (saat 07:30, Bakı vaxtı ilə) və sprint yarışı üçün təsnifat mərhələsinə (saat 11:30) çıxacaqlar. Şənbə günü səhər sprint yarışı (100 km) keçiriləcək (saat 07:00), ardınca isə bazar gününün əsas yarışına təsnifat turu baş tutacaq (saat 11:00). Sprintdə ilk səkkizliyə daxil olan pilotlar xal qazanacaq – qalib 8 xal, səkkizinci yeri tutan isə 1 xal əldə edəcək.
Avstraliya Qran-prisindən sonra vəziyyət
Mövsümün açılış mərhələsi Avstraliyada baş tutdu və burada “McLaren” komandasının pilotu britaniyalı Lando Norris mövsümdə ilk qələbəsini qazandı. Komandanın digər üzvü, avstraliyalı Oskar Piastri də ikinci yerdə gedirdi və “McLaren” ikili qələbəyə yaxın idi. Lakin yarışın sonlarında başlayan yağış nəticəsində Piastri trasdan çıxdı və yalnız 9-cu yeri tuta bildi. Yarışı üçüncü pillədə britaniyalı Corc Rassell (“Mercedes”) tamamladı.
Şanxay Avtodromu və tarixçəsi
Çin Qran-prisinin məkanı olan Şanxay Avtodromu “Formula 1” üzrə baş memar Herman Tilkenin layihəsi əsasında tikilib. İlk yarış burada 2004-cü ildə keçirilib. Trasın forması çin heroqlifi olan “Şan” işarəsini xatırladır. Tikinti zamanı bataqlıq sahə qurudulub, yerə 80 metr dərinliyə 40 mindən çox bərkidici dirək vurulub və 400 ton poliester materialı istifadə olunub. Ümumi tikinti dəyəri 450 milyon dolları ötüb.
Burada ən çox qələbə qazanan aktiv pilot britaniyalı Lüis Həmiltondur – onun aktivində Çində 6 qələbə var. Maks Ferstappen və Fernando Alonso isə bu trasda bir dəfə qalib olublar.
Çin Qran-prisinin proqramı (Bakı vaxtı ilə)
- 22 mart (cümə):
- Sərbəst yürüş – 07:30
- Sprint yarışı üçün təsnifat – 11:30
- 23 mart (şənbə):
- Sprint yarışı – 07:00
- Əsas yarış üçün təsnifat – 11:00
- 24 mart (bazar):
- Əsas yarış – 11:00