Formula1.com-un məlumatına görə, Formula 1 və Disney 2026-cı ildən etibarən yeni əməkdaşlığa başlayacaq. Tərəfdaşlıq çərçivəsində hər iki brend öz fanatlarını bir araya gətirəcək və innovativ kontentlər təqdim edəcək.
“Mikki Mausun dünyası Formula 1 traslarında”
Formula 1-in kommersiya direktoru Emili Praser bu əməkdaşlığın geniş kütləyə çıxmaq strategiyasının bir hissəsi olduğunu qeyd edib:
“Disney ilə tərəfdaşlıq bizim üçün böyük fürsətdir — azarkeşlərimizi Mikki və dostları ilə tanış edəcəyik. Bu, idmandan kənara çıxmaq və daha geniş istehlakçı bazasına çatmaq planımıza tam uyğun gəlir.”
Fanatlara yönəlik məhsullar və tədbirlər
Disney şirkətinin istehlakçı məhsulları üzrə prezidenti Tasia Filippatos da layihənin əsas məqsədinin fanatların diqqətini çəkmək olduğunu bildirib:
“Formula 1 ilə əməkdaşlıq bizə iki əyləncə nəhəngini bir araya gətirməyə imkan verir. Nəticədə fanatların sevəcəyi məhsullar və təcrübələr yaradılacaq.”
Yeni tərəfdaşlıq nəticəsində Disney-in məşhur personajları Formula 1 tədbirlərində, kontentlərdə və rəsmi məhsullarda yer alacaq. Qeyd edək ki, bu layihə ESPN ilə olan mövcud yayım müqaviləsinin 2025-ci ilin sonunda başa çatmasından sonra həyata keçiriləcək.