More

    Futbol klubunun prezidenti Rauf Quliyev dələduzluğa görə həbs edilib

    “Füzuli” futbol klubunun prezidenti və eyni zamanda “TTQ GRUP” MMC-nin direktoru olan Rauf Quliyev dələduzluq ittihamı ilə həbs olunub.

    Sport Az-ın “Musavat.com”a istinadən yaydığı məlumata görə, ona qarşı bir neçə şəxs şikayət edib. İddialara görə, Rauf Quliyev nüfuzlu əlaqələrindən istifadə edərək müxtəlif dövlət qurumlarında işə düzəltmək vədi ilə insanlardan pul alıb. Onun Dövlət Təhlükəsizliyi Xidməti və Fövqəladə Hallar Nazirliyində işə düzəltmək adı ilə şəxslərdən 15-20 min manat civarında məbləğ aldığı bildirilir.

    Bundan əlavə, Rauf Quliyev şirkət rəhbəri olaraq vətəndaşlardan mənzil təmiri, torpaq alqı-satqısı, ev tikintisi və sənədləşdirmə kimi xidmətlər adı ilə müxtəlif məbləğlərdə pullar alıb. Zərərçəkmişlər arasında ona 5 min, 10 min və 35 min manat pul verən şəxslər də var.

    Zərərçəkmişlərdən biri olan Qasım Kazımov bildirib ki, “TTQ GRUP” MMC adından “Fərdi evlərin nağd və kreditlə tikilib satılması” başlığı ilə verilən elana əsasən şirkətlə əlaqə qurub. O, şirkətin nümayəndəsi ilə Sumqayıtda görüşdükdən sonra “Kotec” qəsəbəsində bəyəndiyi 2 sot torpaq sahəsində ev tikilməsi üçün razılığa gəlib. Şirkətin ofisində Rauf Quliyevlə tanış olan Kazımov, evin dəyərinin 72 000 manat olduğunu, ilkin olaraq isə 20 000 manat ödədiyini və müqavilə bağlandığını deyib. Müqaviləyə əsasən, tikiləcək evin 4 ay ərzində təhvil verilməsi planlaşdırılıb.

    Lakin müddət bitməsinə baxmayaraq heç bir tikinti aparılmayıb və zərərçəkən verdiyi pulu geri ala bilməyib. Onun sözlərinə görə, Rauf Quliyev hər dəfə müxtəlif bəhanələrlə prosesi ləngidib. Kazımov Yasamaldakı ofisə gedəndə məlum olub ki, onunla yanaşı daha çox sayda şəxs eyni yolla aldadılıb.

    Kazımovla yanaşı digər zərərçəkmişlər – Vüsal Mustafayev (18 000 AZN), Zülfiyyə Zeynalova (25 000 AZN), Emin (21 000 AZN) və bir neçə şəxs də məsələ ilə bağlı müvafiq orqanlara müraciət ediblər. Ümumilikdə, Rauf Quliyevin 25-dən çox şəxsə qarşı eyni üsulla dələduzluq etdiyi bildirilir.

    Zərərçəkmişlərin bir qismi təkcə maddi yox, həm də mənəvi ziyana görə mülki iddia qaldırıb. Rauf Quliyev istintaq zamanı özünü qismən təqsirli bildiyini, lakin bəzi epizodlarda vurulan ziyanın məbləğilə razılaşmadığını bildirib.

    O, ilkin mərhələdə həbs edilsə də, sonradan sərbəst buraxılıb. Şikayətlərin artmasından sonra yenidən həbs olunan Rauf Quliyev məhkəmə hökmü ilə 3 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

    Onunla birlikdə adı çəkilən “TTQ GRUP” əməkdaşı Elnur Babayev də dələduzluq ittihamı ilə həbs olunub. O, şirkət vasitəsilə vətəndaşları aldadaraq pul almaqda Rauf Quliyevlə əlbir olub. Elnur Babayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni