Gəncə şəhərində 8-18 yaş kateqoriyaları üzrə şahmatçılar arasında keçirilən Azərbaycan çempionatının final mərhələsi start götürüb. Ölkənin müxtəlif bölgələrindən olan gənc şahmatçıları bir araya gətirən turnir ilin əsas yarışlarından biri hesab olunur.
Yarışın açılışı Gəncə İdman Sarayında baş tutub. Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib, ardınca Dövlət Himni səsləndirilib və çempionata rəsmi start verilib.
Çempionat oğlan və qız şahmatçıların iştirakı ilə aşağıdakı yaş qruplarında təşkil olunur:
- 8 yaş
- 10 yaş
- 12 yaş
- 14 yaş
- 16 yaş
- 18 yaş
Turnir “Şahmat üzrə Azərbaycan milli yığma komandalarının formalaşdırılması meyarları və şahmatçılara dəstək proqramı” çərçivəsində keçirilir və gənc şahmatçılar üçün böyük əhəmiyyət daşıyır. Hər yaş qrupu üzrə qaliblər 2026-cı ildə keçiriləcək dünya və Avropa çempionatlarında iştirak hüququ əldə edəcəklər.
İkinci yeri tutan idmançılar isə Avropa çempionatına vəsiqə qazanacaqlar. 8, 10 və 12 yaş kateqoriyalarında isə beynəlxalq yarışların formatında edilən dəyişikliklərə görə uğurlu nəticə göstərən şahmatçılar Dünya Kubokunda iştirak edəcəklər.
Bu yarış həm də gələcək milli komanda üzvlərinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ hesab olunur. Gərgin və maraqlı mübarizənin şahidi olacağımız çempionat martın 30-da başa çatacaq.



