Gülnar Məmmədova Avropa çempionatında Azərbaycan şahmatçılarının lideridir

Yunanıstanın Rodos adasında keçirilən qadınlar arasında Avropa şahmat çempionatında yeddinci tur yekunlaşıb. Sport-az xəbər verir ki, Azərbaycan nümayəndələri arasında ən yaxşı nəticəni Gülnar Məmmədova göstərib.

O, yeddinci turda gürcü şahmatçısı Kesariya Mqeladzeyə qalib gələrək xallarını 5-ə çatdırıb və turnir cədvəlində 11-ci pilləyə yüksəlib. Qeyd edək ki, Məmmədova yarışda hələ məğlub olmayan yeganə azərbaycanlı şahmatçıdır.

Digər şahmatçımız Güvhar Bəydullayeva isə erməni rəqibi Lilit Mkrtçyanla qarşılaşmada uduzub və 4,5 xalla 19-cu pillədə qərarlaşıb.

Səbinə İbrahimova və Ayan Allahverdiyeva isə hərəyə 4 xal toplayıb. İbrahimova fransalı Polin Gişarla heç-heçə oynayaraq 43-cü yerdədir. Allahverdiyeva isə avstriyalı Emilia Dyak-Salunu məğlub edərək 47-ci pilləyə yüksəlib.

Turnirdə yeddi turdan sonra ümumi liderlik mövqeyində 6 xalla gürcü şahmatçısı Anastasiya Kirtadze və serbiyalı Teodora İnjak qərarlaşıblar.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni