Azərbaycanlı şahmatçı Gülnar Məmmədova Avropa çempionatının onuncu turunda daha bir qələbə qazanaraq Dünya Kubokuna vəsiqə uğrunda mübarizəni davam etdirir.
Təcrübəli şahmatçımız qara fiqurlarla gürcüstanlı İnqa Xurtsilavaya qalib gəlib və aktivindəki xalların sayını 6,5-ə çatdırıb. Hazırda Məmmədova turnir cədvəlində 15-ci pillədə qərarlaşıb və bu nəticə ona ilk onluğa düşərək Dünya Kubokuna vəsiqə qazanmaq şansı verir. Son turda qələbə qazanmaq bu hədəfə çatmaq üçün həlledici olacaq.
Qeyd edək ki, digər təmsilçimiz Türkan Məmmədyarova da 6,5 xalla yarışır, lakin əlavə göstəricilərə görə o, 24-cü yerdə qərarlaşıb. Türkan son turda Bolqarıstan şahmatçısı Viktoriya Radevanı məğlub edib. Bu, onun ardıcıl dördüncü qələbəsidir. 6 xal toplayan digər iki azərbaycanlı şahmatçı – Güvhar Bəydullayeva və Ülviyyə Fətəliyeva turnir cədvəlində müvafiq olaraq 26-cı və 40-cı pillələrdə yer alırlar.
Artıq Avropa çempionatının qalibi bəlli olub – Serbiya təmsilçisi Teodora İnjak son tur öncəsi 9 xalla rəqiblərini 1,5 xal qabaqlayaraq çempionluğu təmin edib.