İspaniya La Liqasının 2024/25 mövsümündə “Barselona” klubuna rəhbərlik edən Hans-Diter Flik ən yaxşı baş məşqçi adına layiq görülüb.
La Liqanın rəsmi saytında yayılan məlumata görə, Flik bu nüfuzlu mükafata bir neçə güclü rəqibi geridə qoyaraq sahib çıxıb. Namizədlər arasında “Atletik”dən Ernesto Valverde, “Jirona”dan Miçel Sançes, “Atletiko”dan Dieqo Simeone, “Xetafe”dən Xose Bordalas, “Betis”dən Manuel Pelleqrini və “Espanyol”dan Manolo Qonsales də var idi.
“Barselona” Flikin rəhbərliyi altında yüksək nəticələr əldə edərək La Liqanın 2024/25 mövsümünü çempion kimi başa vurdu. Komanda 38 matçda 88 xal toplayaraq qızıl medallara sahib çıxıb. Ən yaxın izləyicisi “Real Madrid” isə 84 xalla ikinci yerdə qərarlaşıb. Üçüncü pillədə isə mövsümü 76 xalla “Atletiko Madrid” tamamlayıb.
Hans-Diter Flikin bu mövsüm göstərdiyi liderlik, komandasını yüksək motivasiyada saxlaması və sabit nəticələr əldə etməsi, ona İspaniya futbolunun ən ali məşqçi mükafatını qazandırdı.