Azərbaycan I Liqasının 10-cu turu heyəcanlı nəticələrlə yekun vurub. Son oyun günündə keçirilən iki qarşılaşmada zirvə iddialısı “Şəfa” evdə “Zaqatala” ilə qarşılaşıb və xal itirib. Elgiz Kərəmlinin rəhbərliyi altında ilk dövrü məğlubiyyətsiz keçirən paytaxt təmsilçisi Binə qəsəbəsində 1:1 bərabərliyi qəbul etməklə ikinci dövrə zəif start verib.
Çempionluğa iddialı digər komanda “Səbail” Bayıl “ASCO Arena”da “Difai” ilə oynayıb və yeni baş məşqçi Adil Şükürovun debüt oyununda böyük qələbə qazanıb. 3:0 hesabı ilə qalib gələn “dənizçilər” turnir cədvəlində ikinci pilləyə qayıdıb və liderlə xal fərqini 3-ə endirib.
Ötən gün “Mingəçevir” “Cəbrayıl”ı 2:0, “Baku Sportinq” “Şahdağ Qusar”ı 2:1, MOİK isə “Şimal”ı 2:0 hesabı ilə məğlub etməklə turun ilk üç matçını qazanıblar.
Nəticələr və qollar:
“Şəfa” – “Zaqatala” 1:1
Qollar: E. Cəfərov (55) – O. Təhməzli (74)
“Səbail” – “Difai” 3:0
Qollar: Rəhman Hacıyev (5), Emil Qazımov (88, 90+4)



