Azərbaycan II Liqasında XVI turun oyunları davam edir. Turun üçüncü günü azarkeşlərə həm dramatik sonluq, həm də böyükhesablı qələbə bəxş edib.
Liderlik uğrunda mübarizə aparan “Xankəndi” autsayderə qarşı çətin anlar yaşasa da, yekunda zirvəyə qayıtmağı bacarıb. Günün ilk qarşılaşmasında Zaur Hacıyevin rəhbərlik etdiyi kollektiv “Araz Saatlı”nı qəbul edib.
Qarabağ təmsilçisi uzun müddət rəqib müdafiəsini yarmaqda çətinlik çəkib. Matçın taleyi son dəqiqələrdə həll olunub. 86-cı dəqiqədə M.Caniyev hesabı açıb, 89-cu dəqiqədə isə E.Hüseynzadə üstünlüyü möhkəmləndirib.
Qonaqlar 90+2-ci dəqiqədə X.Bədirovun qolu ilə fərqi azaltsalar da, “Xankəndi” 3 xalı aktivinə yazdırıb – 2:1.
Digər oyunlarda da maraqlı mübarizə qeydə alınıb. “Ağstafa Gəncləri” ilə “Göygöl”ün duelində tərəflər hərəyə bir dəfə fərqlənərək meydandan 1 xalla ayrılıblar. Şəkidə keçirilən qarşılaşmada isə “Ağdaş” inamlı çıxış edərək rəqibini böyük hesabla məğlub edib.
Azərbaycan II Liqası, XVI tur, 3 mart:
- “Xankəndi” – “Araz Saatlı” 2:1
Qollar: M.Caniyev, 86; E.Hüseynzadə, 89 – X.Bədirov, 90+2 - “Ağstafa Gəncləri” – “Göygöl” 1:1
Qollar: İ.Allahverdiyev, 84 – F.Məmmədov, 57 - “Şəki Siti” – “Ağdaş” 1:4
Qollar: N.Fərəci, 3 – Y.Dilanov, 23; 36; O.Xəlilov, 87; 90+2



