Azərbaycanda keçiriləcək III MDB Oyunlarına maraq artıb və qeydiyyatdan keçən ölkələrin, həmçinin idmançıların sayı əvvəlki göstəricidən çox olub. Sport-az.com-un Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən əldə etdiyi məlumata görə, yarışlara 12 ölkədən 1619 idmançı və ümumilikdə 2313 nümayəndə qatılacaq.
Əvvəllər 10 ölkənin iştirakı nəzərdə tutulsa da, sonradan Pakistan və Oman da siyahıya daxil olub.
İştirakçıların sayı belədir:
- Azərbaycan – 340 idmançı
- Rusiya – 262
- Özbəkistan – 254
- Belarus – 240
- Qazaxıstan – 147
- Tacikistan – 144
- Qırğızıstan – 126
- Türkmənistan – 48
- Türkiyə – 38
- Küveyt – 6
- Pakistan – 4
- Oman – 4
Ümumilikdə yarışlar 23 idman növü üzrə 12 müxtəlif məkanda keçiriləcək. Proqrama kamandan oxatma, badminton, 3×3 basketbol, boks, kanoe, çövkən, qılıncoynatma, U-16 futbol, yunan-Roma güləşi, cüdo, karate, bədii gimnastika, avarçəkmə, sambo, güllə atıcılığı, stend atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, batut gimnastikası, voleybol, qadın güləşi və sərbəst güləş daxildir.
Qeyd edək ki, III MDB Oyunları bu ilin 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi 28 sentyabrda, bağlanış isə 8 oktyabrda Gəncə şəhər stadionunda keçiriləcək.