“Azərbaycan Premyer Liqasının çempionu keçən mövsüm “Bayer”i Avropa Liqasının 1/8 finalından çıxarmaq üzrə idi. Qurban Qurbanovun komandası hücumlarının təhlükəliliyi və taktiki çevikliyi ilə fərqlənir.”
Bu barədə Sport-az.com məlumat yayıb və “Tottenhem” klubunun şərhçisi Rob Deylinin fikirlərini sitat gətirib.
Deyli, komandanın hücumçusu Juninyonun “Qarabağ” üçün əvəzsiz bir oyunçu olduğunu vurğulayıb. O, braziliyalının sürətinin əsas üstünlüklərindən biri olduğunu və rəqib müdafiəçilər üçün ciddi təhlükə yaratdığını qeyd edib.
“Juninyonun “Bayer”lə oyunda Conatan Tadan topu alaraq vurduğu qol da hələ yaddaşlardadır,” – deyə Deyli əlavə edib.
Bundan əlavə, Rob Deyli bildirib ki, “Qarabağ” topa sahib olmağı sevən komandadır. “Onlar bunu Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo” Zaqreblə keçirdikləri oyunlarda da nümayiş etdirdilər. Lakin ümumi nəticədə 0:5 hesabı ilə məğlub oldular.”
Qurban Qurbanovun 2008-ci ildən bəri “Qarabağ”ın baş məşqçisi olduğunu vurğulayan ekspert, məşqçinin daha çox topa nəzarət etmək tərəfdarı olduğunu qeyd edib. “2012-ci ildə Barselonaya səfəri zamanı Xosep Qvardiola ilə görüşü onun futbol baxışlarını daha da inkişaf etdirdi,” – deyə Rob Deyli bildirib.
Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.