İranın qadın futbol yığmasının üzvləri, o cümlədən daha əvvəl Avstraliyada sığınacaq istəyi ilə gündəmə gələn futbolçular, uzun səfərdən sonra vətənə qayıdıblar. Komanda Türkiyə ilə İran arasında yerləşən Gürbulak–Bazərgan sərhəd-keçid məntəqəsindən keçərək ölkə ərazisinə daxil olub.
Qayıdan heyətin tərkibində əvvəl sığınacaq üçün müraciət etmiş 4 futbolçu, o cümlədən komandanın kapitanı Zəhra Qənbəri və məşqçi heyətinin bir üzvü də yer alıb. Onlar sonradan qərarlarını dəyişərək İrana dönməyə üstünlük veriblər.
Komandanın marşrutu bir neçə mərhələdən ibarət olub. Futbolçular əvvəlcə Oman üzərindən İstanbula gəlib, daha sonra Türkiyənin şərqində yerləşən İğdır şəhərinə uçublar. Oradan isə quru yolu ilə İran sərhədinə doğru hərəkət ediblər.
İğdır hava limanına eniş etdikdən sonra milli komandanın forması ilə avtobuslara minən oyunçular birbaşa sərhəd-keçid məntəqəsinə yollanıblar. Bazərgan şəhəri İranın şimal-qərbində yerləşir və paytaxt Tehrandan təxminən 900 kilometr məsafədədir.
Sığınacaq qalmaqalı və reaksiyalar
Hadisənin diqqət çəkən tərəfi isə bəzi oyunçuların Avstraliyada sığınacaq istəməsi olub. Ötən həftə 7 futbolçu bu addımı atsa da, sonradan onların 5-i qərarını dəyişib və yalnız 2 nəfər Avstraliyada qalmaqda davam edir.
Futbolçuların belə addım atmasına səbəb kimi onların Asiya Kubokunun açılış oyununda milli himni oxumaqdan imtina etdiklərinə görə ölkələrində “xain” adlandırılmaları göstərilirdi.
Kuala Lumpur hava limanında jurnalistlərə danışan oyunçulardan biri “Ailəmi çox darıxmışam” sözləri ilə qərarının şəxsi səbəblərlə bağlı olduğunu bildirib.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sosial şəbəkədə paylaşım edərək futbolçuların geri dönüşünü dəstəkləyib: “Onlar bu ölkənin övladlarıdır və İran xalqı onları bağrına basır. Onların qayıdışı düşmənlərin planlarını puç etdi”.
Bununla yanaşı, beynəlxalq hüquq-müdafiə təşkilatları İran hakimiyyətini ölkə xaricində olan idmançılara təzyiq göstərməkdə ittiham edir. Bildirilir ki, bəzi hallarda ailə üzvlərinə qarşı təhdidlər, əmlakın müsadirəsi və digər tədbirlərlə bağlı iddialar mövcuddur.
Rəsmi Tehran isə əksinə, Avstraliya hökumətini futbolçulara təsir göstərməkdə və onları ölkədə saxlamağa çalışmaqda günahlandırır.



