İspaniya millisinin hücumçusu Álvaro Morata UEFA Millətlər Liqasının finalında Portuqaliya ilə oyundan (2:2, penaltilərlə 3:5) sonra ailəsi ilə birlikdə ölüm təhdidləri aldığını açıqlayıb. Təcrübəli futbolçu həlledici penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib və bu, azarkeşlər arasında kəskin reaksiya doğurub.
“Yenə də xoş deyil” – Morata susqunluğunu pozdu
Sport-az.com-un məlumatına görə, “Qalatasaray”ın 32 yaşlı forvardı İspaniyanın La 1 telekanalına verdiyi müsahibədə baş verənlərə münasibət bildirib: “Bu, mənim üçün yeni deyil, amma yenə də xoş deyil. Bu barədə çox danışmaq istəmirəm. Ümid edirəm, məni başa düşərsiniz”.
Ailəsinə də təhdidlər gəlib
Moratanın həyat yoldaşı Alisa Kampello da sosial şəbəkədə aldığı təhdid mesajlarından birini paylaşıb. Mesajda deyilir: “Əgər ərini küçədə görsəm, öldürəcəm”.
Alisa bu sözlərə lakonik reaksiya verib: “İnsanlar dəli olub”.
İspaniyada sosial şəbəkələrdə yayılan təhdidlər futbolçunun və ailəsinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar yaradıb. Bu hadisə azarkeş davranışı və idman etikasının yenidən müzakirə olunmasına səbəb olub.