Norway Chess turnirinin altıncı turunda şahmat dünyasının əfsanəsi Maqnus Karlsen sensasion məğlubiyyətlə üzləşib. Onu hindistanlı, cəmi 19 yaşlı dünya çempionu Dommaraju Gukeş məğlub edib – bu, Gukeşin Karlsenə qarşı ilk qələbəsi oldu.
Partiyadan sonra emosiyalar
Uğursuz nəticədən sonra Karlsen masaya yumruq vurub, nəticədə fiqurlar taxtadan yerə düşüb. Norveçli şahmatçı turnirin əvvəlindən heç bir məğlubiyyət almamışdı – üç heç-heçə və iki qələbə ilə irəliləyirdi. İlk turda isə eyni Gukeşi asanlıqla məğlub etmişdi. Lakin bu dəfə Gukeş revanş alaraq tarixə düşdü.
Karlsen: “Nə baş verdiyini başa düşmürəm”
Maqnus partiyadan sonra fikirlərini belə bölüşüb: “Nə baş verdiyini bilmirəm. Rəqibimin ideyasını tam anlaya bilmədim. Düşünürdüm ki, oyunum əladır. Kral cinahında hücuma keçə bilərdim, vezir cinahında isə hər şey mənim xeyrimə gedirdi”. Bu sitat Chess24 portalından götürülüb.
Məğlubiyyətə baxmayaraq, Karlsen 9,5 xalla turnir cədvəlində ilk yeri Fəbiano Karuana ilə bölüşür. Gukeş isə 8,5 xalla üçüncü sıradadır.
34 yaşlı Maqnus Karlsen FIDE reytinqinin uzun müddətdir lideridir və şahmat tarixində ən güclü oyunçulardan biri sayılır. O, 2013-cü ildə Vişvanatan Anandı məğlub edərək dünya çempionu olmuşdu və sonradan dörd dəfə titulu uğurla qoruyub: Sergey Karyakin, Fəbiano Karuana və Yan Nepomnyaşi üzərində qazandığı qələbələrlə.