Rəhman Şabanov və Ceyhun Bağırov “Karvan-Yevlax”da məhdud oyun vaxtı qazanacaqlarını düşündükləri üçün komandadan getmək qərarı veriblər.
Bölgə təmsilçisinin baş məşqçisi Azər Həşimovun bildirdiyinə görə, futbolçular daimi oynaya biləcəkləri klublara keçiblər: “Rəhman Şabanovla Ceyhun Bağırov “Karvan-Yevlax”da az şans qazanacaqlarını düşünürdülər. Bu səbəbdən daim oynaya biləcəkləri komadalara getdilər. Ceyhun “Qəbələ”nin akademiyasına, Rəhman isə “Zaqatala” komandasına keçdi”.
Baş məşqçi Yevlax komandasının cari durumu və növbəti qarşılaşmaya hazırlığı barədə də məlumat verib: “Hazırlığımız normal davam edir. “Qarabağ”la oyundan sonra futbolçulara istirahət verdik. Çalışmaları davam etdiririk. Üç gündən sonra “Şamaxı” ilə qarşılaşacağıq. Komanda oyuna yaxşı hazırlaşır”. Komanda Misli Premyer Liqasının III turunda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olaraq mövsümün ilk məğlubiyyətini almışdı.
O, heyətdə ciddi problemlərin olmadığını vurğulayıb: “Heyətdə hər şey qaydasındadır. Ciddi itki, zədəlilər yoxdur. Yalnız “Qarabağ”la oyundan sonra Coy Sleyd Mikelsin dizində mikrozədə yaranıb və hazırda müalicəsi davam edir. Qalan futbolçuların durumu normaldır”.
Qeyd edək ki, “Karvan-Yevlax” Misli Premyer Liqasının IV turunda səfərdə “Şamaxı” ilə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 14-də Şamaxı şəhər stadionunda saat 16:30-da başlayacaq. Komanda mövsümə yeni transferlərlə güclənib, lakin hələ də liqada uyğunlaşma mərhələsindədir.