Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə olan müqaviləsini daha iki il müddətinə uzatmaq niyyətindədir. Bu barədə İtaliyanın “Sportitalia” nəşri məlumat yayıb.
2023-cü ilin qışında Ər-Riyada köçən təcrübəli hücumçu ötən müddət ərzində klubun heyətində 98 oyuna çıxaraq 88 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb. 40 yaşlı forvardın çıxışı hələ də yüksək səviyyədə dəyərləndirilir və klub onun xidmətlərindən məmnundur.
Cari mövsümdə isə Ronaldo 34 oyunda forma geyinib və 30 dəfə rəqib qapılarını dəqiq nişan alıb, 4 dəfə də komanda yoldaşlarına qol imkanı yaradıb. Hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər qüvvədə olsa da, tərəflər artıq yeni razılaşma üzərində işləyir.
Almaniyanın məşhur futbol statistik portalı “Transfermarkt”a görə, ulduz futbolçunun bazar dəyəri hazırda 12 milyon avrodur.