“Barselona”nın gənc ulduzu Lamin Yamal klub rəhbərliyindən məyus olub. Bu barədə məlumatı İspaniyanın nüfuzlu nəşri El Nacional yayıb.
İddialara görə, Yamalın narazılığına səbəb, onun yaxın dostu – “Atletik Bilbao”nun ulduz cinah oyunçusu Niko Vilyamsın transferindən klubun imtina etməsidir. Gənc futbolçunun ən böyük arzularından biri dostu ilə eyni komandada çıxış etmək olub.
Mənbənin yazdığına əsasən, Yamal ümid edir ki, rəhbərlik bu fikirdən tamamilə əl çəkməyəcək və yay transfer pəncərəsində bu istiqamətdə yenidən addım atacaq.
2024/25 mövsümündə Niko Vilyams yüksək performans sərgiləyib. O, mövsüm ərzində 41 oyuna çıxaraq 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.