Lamin Yamal rəsmi olaraq “Barselona”nın 10 nömrəsini aldı

“Barselona”nın vingeri Lamin Yamal 2024/25 mövsümündən etibarən rəsmi olaraq klubun 10 nömrəli formasını geyinəcək.

Bundan əvvəl gənc futbolçu “onluq” nömrəni alacağını əfsanəvi Dieqo Maradonanın “Barselona” formasında olan şəklini paylaşmaqla işarə etmişdi. Yamal daha əvvəl 19 nömrəli formada çıxış edirdi.

May ayında Lamin Yamal “Barselona” ilə 2031-ci ilin yayına qədər yeni müqavilə imzalayıb. Klub yeni müqaviləni və oyun nömrəsini onun 18 yaşı tamam olduqdan sonra rəsmi şəkildə təqdim edib.

Yamal “Barselona”nın əsas komandasında cəmi 15 yaşında debüt edib və bu müddət ərzində La Liqa, Çempionlar Liqası və milli komanda səviyyəsində bir çox yaş rekordlarını qırıb.

2024-cü ilin yayında Lamin Yamal Avropa çempionatında iştirak edən ən gənc oyunçu olub və turnirin finalında 17 yaşı tamam olduqdan bir gün sonra qələbə qazanıb. Fevral ayında isə o, 100 peşəkar oyun həddini keçib. Bundan əlavə, klub və İspaniya millisi ilə birlikdə 50 məhsuldar hərəkət (qol və assist) sərgiləyib.

Apreldə Yamal Laureus World Sports Awards tərəfindən “İlin kəşfi” nominasiyasında qalib olub.

2024/25 mövsümündə “Barselona” İspaniya çempionluğu, Kral Kuboku və Superkubok daxil olmaqla bütün yerli titulları qazanıb. Komanda 2025/26 La Liqa mövsümünə 16 avqustda “Malyorka”ya qarşı səfər oyunu ilə başlayacaq.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni