More

    Laporta Messi ayrılığı və dönüş cəhdinin pərdəarxasını açıqladı

    “Barselona”nın sabiq prezidenti Joan Laporta Lionel Messinin klubdan gedişi və sonradan onu geri qaytarmaq cəhdləri ilə bağlı indiyədək məlum olmayan detalları bölüşüb.

    O, bu məqamları yeni nəşr olunan “Barselonanı necə xilas etdik” adlı kitabında ətraflı şəkildə izah edib. Xatırladaq ki, Lionel Messi 2020-ci ildə müqaviləsinin yenilənməməsi səbəbindən Kataloniya klubunu tərk edərək azad agent kimi PSJ-yə qoşulmuşdu.

    Daha sonra isə karyerasını ABŞ-ın “İnter Mayami” klubunda davam etdirib. Messi “Barselona” tarixinin ən məhsuldar futbolçusu kimi yadda qalıb.

    Laporta bildirib ki, müqavilə danışıqları olduqca çətin keçib: “Yenilənmə vaxtı gələndə Messi tələbkar danışıqlar komandası ilə gəlmişdi, amma atası daha anlayışlı idi”. Onun sözlərinə görə, klub qeyri-adi bir model təklif edib – uzunmüddətli müqavilə, ilk mərhələdə “Barselona”da çıxış, daha sonra isə MLS klublarından birinə icarə variantı.

    La Liqanın şərti və CVC tələbi

    Laporta qeyd edib ki, İspaniya La Liqası bu planı qəbul etməyib və alternativ olaraq klubdan televiziya yayım hüquqlarının 50 illik bir hissəsinin CVC fonduna satılmasını tələb edib. “Bizə dedilər ki, ya bu razılaşmanı imzalayın, ya da layihə mümkün olmayacaq”, – deyə o vurğulayıb.

    Sabiq prezident həmçinin 2023-cü ildə, Messi PSJ-dən ayrıldıqdan sonra onun geri qayıtması üçün yeni cəhd edildiyini açıqlayıb: “Xorxe Messi evimə gəldi, müqavilə layihəsini hazırladım və ona göndərdim. Bir həftə, iki həftə cavab gəlmədi. Nəhayət, bir ay sonra gəlib bildirdi ki, onlar təzyiqin daha az olacağı ‘İnter Mayami’ni seçiblər”.

    Laportanın sözlərinə görə, Messinin qayıdışı üçün real imkan var idi, lakin iqtisadi və institusional maneələr bu planın gerçəkləşməsinə imkan vermədi.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni