Əfsanəvi futbolçu Lionel Messinin Avropaya qayıdışı gündəmdədir. Hazırda ABŞ-ın “İnter Mayami” klubunda çıxış edən argentinalı ulduz karyerasını yenidən Avropada davam etdirmək ehtimalı ilə gündəmə gəlib.
TNT Sports Argentinanın məlumatına əsasən, İspaniyanın “Barselona” klubu Messini yenidən heyətinə qatmaq üçün danışıqlara başlayıb. Plan budur ki, 2026/2027 mövsümündən əvvəl Messi “Barsa”nın formasını yenidən geyinsin. Lakin klubun maliyyə vəziyyəti bu keçidi çətinləşdirə bilər.
Xatırladaq ki, 37 yaşlı hücumçu 2023-cü ilin yayında “İnter Mayami”yə transfer olunub. Onun ABŞ təmsilçisi ilə müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir. Transfermarkt məlumatına görə, Messinin hazırda bazar dəyəri 20 milyon avrodur.
Messinin “Barselona”ya qayıdışı həm azarkeşlər, həm də klub üçün simvolik əhəmiyyət daşıyır. O, bu klubun akademiyasında yetişmiş və 20 ildən artıq müddət ərzində “Barsa”nın əsas simasına çevrilmişdi.
Əgər bu transfer baş tutarsa, Messi doğma klubunda futbol həyatını başa vurmaq imkanı əldə edəcək və bu, onun möhtəşəm karyerası üçün ideal sonluq ola bilər.



