İngiltərənin “Mançester Yunayted” klubu Kriştiano Ronaldonun “Old Trafford”a mümkün dönüşü üzərində işləyir. Xəbər verir ki, “qırmızı şeytanlar” 2025/26 mövsümündə Avrokuboklardan kənarda qalmaları səbəbindən ciddi maliyyə itkiləri ilə üzləşiblər və gəlirlərində təxminən 100 milyon funt sterlinq azalma olub.
İtkiləri kompensasiya etmək məqsədilə klub, yaxın zamanlarda bir neçə yoldaşlıq oyunu keçirməyi planlaşdırır. Bu oyunda potensial rəqiblərdən biri kimi Portuqaliya superulduzu Kriştiano Ronaldonun hazırda çıxış etdiyi “Əl-Nasr” klubu göstərilir.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin noyabrında baş məşqçi Erik ten Haq ilə yaranan fikir ayrılıqları səbəbindən “Yunayted”dən ayrılıb və hazırda Səudiyyə Ərəbistanı peşəkar liqasında oynayır. O, “Əl-Nasr”la müqaviləsini 42 yaşına qədər uzadıb.
“Yunayted” azarkeşləri Ronaldonu hələ də Premyer Liqa və Çempionlar Liqasındakı, xüsusilə Ser Aleks Ferqyuson dövründə qazandığı uğurlara görə böyük hörmətlə qarşılayırlar.
“The Sun” nəşrinin məlumatına görə, klub rəhbərliyi gəlir gətirəcək sənədli film layihəsindən imtina edib və digər kommersiya imkanlarını araşdırır. Klubun təşkilatçılarından Ser Cim Ratklif maliyyə bərpası və struktur islahatları üzərində işlədiklərini bildirib. O, hazırkı məşqçi heyətinin həm meydançada, həm də klubun digər istiqamətlərində sabitliyi bərqərar etmək üçün səylər göstərdiyini vurğulayıb.
Yoldaşlıq oyunları üçün digər potensial rəqiblər “Milan”, “RB Leypsiq”, “Latsio” və “Sevilya” kimi tanınmış klublardır.



