More

    Marian Kolev: “Bizim üçün əsas yarışlar Dünya Oyunları və Gəncədəki Avropa çempionatı olacaq”

    Aerobika üzrə Azərbaycan yığmasının baş məşqçisi Marian Kolev, gələn ilin əsas hədəflərinin Dünya Oyunları və Gəncədə keçiriləcək Avropa çempionatı olduğunu bildirib.

    Sport-az.com saytına açıqlama verən Kolev, hazırda yeniyetmələrdən ibarət komandanın Manamada keçirilən Gimnaziadada olduğunu və burada bir gümüş və bir bürünc medal qazandıqlarını vurğulayıb. Bununla yanaşı, kollektiv üçün mövsümün əsas yarışı, Vladimir Dolmatov və Mədinə Mustafayevanın qarışıq cütlük kateqoriyasında gümüş medal qazandığı Pesarodakı dünya çempionatı olub.

    Kolev idmançıların uğur qazanması üçün zamana ehtiyac olduğunu qeyd edib: “İdmançılarımız əvvəlki illərdə də yaxşı çıxış etsələr də, dünya və Avropa çempionatlarında medal qazana bilməmişdilər. Niyə Pesaroda hər şey uğurla oldu? Yarışa az qalmış proqramda dəyişiklik etdik və onu Bolqarıstandakı turnirdə sınamağa qərar verdik. Hakimlər və tamaşaçılar proqramı bəyəndilər, bu kompozisiya ilə çıxış edən cütlük dünya çempionatında gümüş medal qazandı. Təsnifatın nəticələrinə əsasən, Dolmatov və Mustafayeva Çenqdudakı Dünya Oyunlarına vəsiqə əldə ediblər”.

    Baş məşqçi əlavə edib ki, komanda indi əsas hazırlığını həm Dünya Oyunlarına, həm də gələn ilin noyabrında Gəncədə keçiriləcək Avropa çempionatı və yaş qrupları üzrə Avropa yarışlarına yönəldəcək.

    Qeyd edək ki, Bəhreyndə keçirilən Gimnaziadada Məryəm Topçubaşova fərdi yarışda bürünc, qrup yarışında isə Məryəm Topçubaşova, Sara Əlixanlı, Fidan İbrahimova, Leyla Əhmədova və Evelina Kozlovskayadan ibarət komanda gümüş medal qazanıb.

    Əlaqəli Məqalələr

    Şərhlər

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni