Mercedes-in ön qanad problemi: FIA açıqlamaya inandı

Formula 1-də Çin Qran-Prisindən sonra Mercedes komandası maraqlı texniki detal ilə gündəmə gəlib. Yarış zamanı bolidin ön qanadının düz yolda iki mərhələdə hərəkət etməsi rəqib komandaların diqqətini çəkib və bu vəziyyət müxtəlif suallar yaradıb.

Hadisə xüsusilə debüt mövsümündə qələbə qazanan Kimi Antonellinin bolidində müşahidə olunub. Video görüntülərdə ön qanadın düz yol rejiminə keçərkən bir deyil, iki ayrı mərhələdə hərəkət etdiyi aydın görünürdü. Bu isə bəzi komandaların Mercedes-in qaydalardan kənar texniki üstünlük əldə etməsi ilə bağlı şübhələrinə səbəb olub.

Texniki problem, yoxsa üstünlük?

Formula 1 qaydalarına əsasən, komandalar ön və arxa qanad üçün yalnız iki mövqe – döngə və düz yol rejimindən istifadə edə bilərlər. Bu keçid maksimum 400 millisaniyə ərzində baş verməlidir. Lakin Antonellinin bolidində bu dəyişiklik sanki iki addımda baş verirdi ki, bu da qaydalardan kənar görünürdü.

Məlumata görə, komandaların birinin bu məsələ ilə bağlı FIA-ya müraciət etdiyi bildirilsə də, Ferrari tərəfi bu sorğuda iştirak etmədiyini açıqlayıb.

FIA-nın qərarı

Araşdırmalar nəticəsində müəyyən olunub ki, bu hal hər hansı texniki fənd və ya qayda pozuntusu deyil, sadəcə etibarlılıq problemi ilə bağlıdır. Ehtimal edilir ki, ön qanadın normal vəziyyətə qayıtmasında hidravlik təzyiqin kifayət qədər olmaması bu effektə səbəb olub.

FIA Mercedes-in izahını qəbul edib və komandanın problemi aradan qaldırmaq niyyətini nəzərə alaraq məsələni bağlayıb. Bildirilir ki, bu nasazlıq əslində komanda üçün üstünlük deyil, əksinə, avtomobilin aerodinamik balansını pozaraq performansa mənfi təsir göstərir, xüsusilə də əyləc zonasına daxil olarkən.

Beləliklə, Mercedes-in “iki mərhələli” qanad reaksiyası rəqiblərin düşündüyü kimi gizli üstünlük deyil, texniki nasazlıq kimi qiymətləndirilib.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni