Argentina əfsanəsi futboldan getmir, amma MLS-dən ayrılmağa hazırlaşır – Messinin “son addımı” artıq müəyyənləşib
Lionel Messi futbol karyerasını hələ bitirmək fikrində deyil. 36 yaşlı ulduz azı daha 1.5 il yüksək səviyyədə çıxış etməyi planlaşdırır. Argentina jurnalisti Flavio Azzaronun məlumatına görə, Messi artıq növbəti klubuna keçid üçün hazırlıqlara başlayıb.
Maliyyə yox, mənəviyyat ön plandadır
Messi 2023-cü ildən ABŞ-ın “İnter Mayami” klubunda çıxış edir. O, komanda ilə Liqa Kubokunu qazanıb, klubun simasına çevrilib və MLS liqasına böyük tamaşaçı auditoriyası cəlb edib. Lakin indi o, karyerasında simvolik bir addım atmaq istəyir – yəni futbol həyatını başladığı yerdə başa vurmaq.
Messi növbəti transferindən maliyyə gəliri gözləmir. Onun üçün əsas məsələ – mənəvi önəmi olan son dayanacaqdır.
Messi hansı kluba qayıdır?
Gözlənilir ki, Messi 2025-ci ilin dekabrında “İnter Mayami”ni tərk edəcək. Həmin vaxt onun klubla müqaviləsi başa çatacaq. Bundan sonra Messi “Nyuells Old Boyz” klubuna keçə bilər – bu, onun doğma şəhəri Rosario-nun komandasıdır. Messi buranı hələ uşaq yaşlarında tərk etsə də, daim “həyatımın arzusu” adlandırıb. “Oraya qayıtmaq mənim ömürlük arzumdur”, – Messi əvvəllər belə deyib.
Bu mövsüm Messi “İnter Mayami”nin heyətində 18 oyunda 14 qol vurub və 11 məhsuldar ötürmə verib. O, MLS-in ən parlaq simalarından biri olaraq qalır.



