Argentina millisinin və “İnter Mayami”nin lideri Lionel Messi MLS-in müntəzəm çempionatı çərçivəsində “Orlando”ya qarşı səfər matçında dubla imza ataraq növbəti tarixi göstəriciyə nail olub.
Ulduz hücumçu vurduğu qollardan birini cərimə meydançası xaricindən, standart vəziyyətdən dəqiq yerinə yetirib. Bununla da Messi karyerası ərzində cərimə zərbəsindən vurduğu qolların sayını 70-ə çatdırıb.
Bu nəticə onu Braziliya futbolunun əfsanəsi, üçqat dünya çempionu Pele ilə eyni pilləyə yüksəldib. Hər iki futbolçu hazırda tarixin ən çox cərimə qolu vuran oyunçuları siyahısında ikinci yeri bölüşür. Rekord siyahısına isə 77 dəqiq cərimə zərbəsi ilə Juninyo Pernambukano başçılıq edir.
“İnter Mayami” mövsümdə ilk qələbəsini qazandı
Messinin dubli komandasına cari mövsümdə ilk qələbəni gətirib. Xatırladaq ki, “İnter Mayami” çempionatın açılış turunda səfərdə “Los-Anceles”ə 0:3 hesabı ilə məğlub olmuşdu.
“Orlando” isə yeni mövsümə uğursuz start verərək ardıcıl ikinci dəfə məğlubiyyətlə üzləşib. Komanda ilk turda öz meydanında “New York Red Bulls”a 1:2 hesabı ilə uduzmuşdu.
Hazırkı MLS çempionu olan “İnter Mayami” növbəti görüşünü martın 8-də keçirəcək. Komanda səfərdə “Di Si Yunayted”lə qarşılaşacaq.
Messi üçün isə bu qol yalnız statistik göstərici deyil, həm də karyerasının növbəti zirvələrindən biridir. O, artıq dünya futbol tarixində ən dəqiq cərimə zərbəsi ustalarından biri kimi mövqeyini daha da möhkəmləndirib.



