Milanın və “İnter” klubunun ev oyunlarına ev sahibliyi edən məşhur “San-Siro” stadionu söküləcək. Bu barədə jurnalist Tankredi Palmeri özünün X sosial şəbəkəsində məlumat verib. Milan Şəhər Şurası bu gün stadionu hər iki komandaya satmaq barədə qərar qəbul edib.
Palmerinin bildirdiyinə görə, “İnter” və “Milan” mövcud arenanı yıxaraq, yerində müasir və daha funksional yeni stadion tikməyi planlaşdırır. İtaliyanın “Il Messaggero” nəşrinin məlumatına əsasən, yeni arenanın Avropa çempionatı 2032-ci ilə qədər istifadəyə verilməsi nəzərdə tutulub.
“San-Siro” stadionu 1926-cı ildə inşa edilib və 1956, həmçinin 1989-cu illərdə əsaslı yenidənqurma işləri aparılıb. Hal-hazırda tribunalarının tutumu 80 min nəfərdən çoxdur. Bu arena 1934 və 1990-cı illərdə dünya çempionatları, 1980-ci ildə Avropa çempionatı və iki dəfə Avropa Çempionları Kubokunun, həmçinin iki dəfə Çempionlar Liqasının final oyunlarına ev sahibliyi edib.
Qeyd etmək lazımdır ki, 2026-cı il fevralın 6-da keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimi də “San-Siro” stadionunda təşkil olunacaq.
Yeni stadion Milan və “İnter” klublarının birgə investisiyası ilə, stadionun və ətraf ərazinin 197 milyon avroya alınmasından sonra tikiləcək. İnşaat 2027-ci ilin ilk yarısında başlayacaq və stadion 2031-ci ildə hazır olacaq. Yeni arena 71,500 yerlik olacaq və şəhərin böyük miqyaslı yenidənqurma layihəsinin mərkəzi məkanı kimi planlaşdırılır. Tikinti layihəsində dünyaca məşhur memar Norman Foster və David Manica iştirak edəcək.
Yenidənqurma layihəsində stadion ətrafında parklar, ofis binaları, restoranlar, mağazalar və dörd ulduzlu otel yerləşəcək. Bu, Milan şəhəri üçün həm idman infrastrukturu həm də şəhərsalma baxımından böyük yenilik olacaq.
Bu qərar UEFA-nın 2032 Avropa çempionatının ev sahibliyi üçün mövcud “San-Siro”nun uyğun olmadığı ilə bağlı tələblərini nəzərə alaraq, həmçinin idarəetmə və texniki xidmət xərclərinin artması səbəbindən qəbul olunub.
Beləliklə, “San-Siro” tarixə qovuşur, 100 ildən artıqdır ki, Avropanın ən nüfuzlu futbol arenalarından biri sayılan stadion yaxın illərdə yeni, müasir komplekslə əvəzlənəcək.



