Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin (MOK) təşkil etdiyi “Təhlükəsiz idman – hamı üçün” təlim proqramının iştirakçılarına sertifikatlar təqdim olunub. MOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə komitənin baş katibi Azər Əliyev, vitse-prezidenti Fərid Mansurov, akademiyanın rektoru Fuad Hacıyev, MOK-un idman şöbəsinin baş məsləhətçisi Vaqif Əliyev, eləcə də universitetin müəllim heyəti və kursu uğurla bitirən tələbələr iştirak ediblər.
Akademiya rektoru Fuad Hacıyev çıxışında proqramın tələbələr üçün əhəmiyyətini vurğulayıb və 45 gəncin iştirak etdiyi kursu uğurla başa vuranları təbrik edib. MOK-un idman şöbəsinin baş məsləhətçisi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin “Təhlükəsiz idman” sertifikatlı mütəxəssisi Vaqif Əliyev bildirib ki, layihə 2023-cü ildən Azərbaycanda həyata keçirilir və idman ictimaiyyətində məsuliyyətli davranış, etik dəyərlərin geniş yayılmasına böyük töhfə verib.
Vaqif Əliyev əlavə edib ki, bu proqram MOK-un Beynəlxalq Proqramlar İdarəsinin rəhbəri mərhum Mehman Kərimovun təşəbbüsü ilə icra edilir.
Sonda təlimi uğurla bitirən tələbələr sertifikatlarla mükafatlandırılıblar. Layihənin əsas məqsədi olimpizmin əsas dəyərləri — hörmət, dostluq və mükəmməllik prinsiplərini öyrətmək və bu dəyərlərin gündəlik həyatımıza inteqrasiyasını təmin etməkdir.