Bu gün Azərbaycanda akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Mingəçevir Reqatası-2024” başlayır.
Sport-az.com xəbər verir ki, yarış Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunur və 12 ölkədən gələn 100-dən çox idmançı bu prestijli turnirdə güclərini sınayacaq.
Turnir həm də xüsusi əhəmiyyət daşıyır, çünki Füzuli şəhərinin işğaldan azad edilməsinin il dönümünə həsr olunub. Bu münasibətlə oktyabrın 17-də Füzulidə, Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.
Azərbaycan komandası ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan gələn avarçəkənlər də medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, reqatanın final yarışları oktyabrın 18-də Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Həmçinin həmin gün bağlanış mərasimi də təşkil olunacaq.



