Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinə, Müstəqilliyin Bərpası Günü və Zəfər Günü münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək şəhid jurnalistlərin xatirəsinə keçirilən 4-cü Ənənəvi Minifutbol Turnirində yarımfinal mərhələsinin oyunları başa çatıb. Yarımfinal qarşılaşmaları oktyabrın 26-da Bakı Tennis Akademiyasında keçirilib və AFFA-nın hakimləri Vüsal Balaşov ilə İmran Məhərrəmov tərəfindən idarə olunub.
Yarımfinalın ilk görüşündə “Veteranlar” komandası “Dəmir Yumruq”u 4:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Digər yarımfinal mübarizəsində “AzTV” komandası “İctimai TV” ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gələrək finala yüksəlib.
Noyabrın 1-də keçiriləcək final görüşündə “AzTV” və “Veteranlar” komandaları titul uğrunda mübarizə aparacaq. Üçüncü yer üçün isə “Dəmir Yumruq” və “İctimai TV” qarşılaşacaq. Oyunlardan sonra yekun mükafatlandırma mərasimi təşkil olunacaq.



