Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrov ölkəsinin klublarının Avropada zəif çıxışını davam edən müharibə ilə əlaqələndirib. Rebrovun sözlərinə görə, hazırda Ukraynada münaqişənin davam etməsi komandaların tam hazırlaşmasına mane olur. Onun fikrincə, hətta hər hansı bir Ukrayna klubunun avrokuboklarda çıxış etməsi belə futbolun inkişafı üçün böyük dəyər daşıyır.
Rebrov bu fikirləri Azərbaycanla 2026 Dünya Çempionatı seçmə mərhələsi öncəsi mətbuat konfransında səsləndirib. O deyib: “İstəyərdik ki, ölkəmizin bütün aparıcı klubları Çempionlar Liqasında mübarizə aparsın. Təəssüf ki, müharibə buna imkan vermir. Komandalar yaxşı məşq edə bilmir. Buna baxmayaraq, kim Avropada çıxış edirsə, bu, futbolumuz üçün qiymətlidir.”
Qeyd edək ki, bu il Ukrayna klubları UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmayıblar. Lakin digər avrokuboklarda təmsilçiləri müəyyən uğurlar əldə edir. Azərbaycan və Ukrayna arasında DÇ-2026-nın seçmə oyunları sentyabrın 9-da keçiriləcək.