More

    “Neftçi”nin 127 günlük Romanı

    Roman Qriqorçuk “Neftçi”nin baş məşqçisi vəzifəsini tərk edib.

    Sport-az.com-in məlumatına görə, ukraynalı mütəxəssisin “Neftçi” ilə macərası cəmi 127 gün çəkib. Komandanın uğursuz çıxışlarından sonra, tərəflər bu gün qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar. Qriqorçukun rəhbərliyi altında “ağ-qaralar” Azərbaycan Premyer Liqasının ilk 9 turunda heç bir qələbə qazana bilməyib. Komanda 4 məğlubiyyət alıb, 5 oyunda isə heç-heçə ilə kifayətlənib. Klubun tarixində belə uğursuz start heç vaxt olmamışdı. Xalsız “Kəpəz”lə oyun isə baş məşqçiyə olan inamın tamamilə itirilməsinə səbəb olub.

    Qriqorçukun mətbuat konfranslarında verdiyi açıqlamalara baxsaq, onun verdiyi vədləri yerinə yetirə bilmədiyini açıq şəkildə görmək olar. Əlbəttə, bunun həm obyektiv, həm də subyektiv səbəbləri mövcud ola bilər. Lakin “Neftçi”nin acınacaqlı vəziyyətə düşməsində birbaşa məsuliyyət daşıyan ilk şəxs baş məşqçi oldu.

    Onun dönəmində bir çox diqqət çəkən hadisələr baş verdi. Qara Qarayevin heyətdən uzaqlaşdırılması və Emin Mahmudovun kapitanlıq sarğısının əlindən alınması, məhz Qriqorçukun dövrünə təsadüf edir. Bu qərarlar azarkeşlər arasında da böyük narazılıq doğurdu.

    Qriqorçukun mətbuat konfranslarında bəzi fikirləri:

    03.08.2024 – I tur, “Turan Tovuz”la (0:0) oyundan sonra:
    “Komandanın oyunundan tam narazı olduğumu deyə bilmərəm. Pis oynamadıq, amma nəticə istədiyimiz kimi olmadı. Bir neçə epizodda yaxşı çıxış etdik, qələbə qazansaydıq, daha asan danışardıq.”

    11.08.2024 – II tur, “Səbail”lə (1:1) oyundan sonra:
    “Əgər qol fürsətlərindən daha səmərəli istifadə etsəydik, nəticə fərqli olardı. Futbolçuların oyundan narazı deyiləm, amma fanatların tənqidini qəbul edirəm, çünki azarkeşlər qələbə gözləyir.”

    18.08.2024 – III tur, “Sabah”la (0:2) oyundan sonra:
    “Üç tur keçib, amma hələ də azarkeşlərə qələbə bəxş edə bilməmişik. Bu vəziyyət əlbəttə ki, bizi narahat edir. Lakin yeni transferlər komandaya qoşulub və hələ də transfer işləri davam edir.”

    24.08.2024 – IV tur, “Araz-Naxçıvan”la (0:2) oyundan sonra:
    “Kapitanlıq sarğısı ilə bağlı qərar bizim daxili işimizdir və bu qərarı izah etməyi düzgün hesab etmirəm. Komanda yenidənqurma mərhələsindədir və bu dövrdə təzyiq təbii haldır.”

    31.08.2024 – V tur, “Şamaxı” ilə (0:0) oyundan sonra:
    “Oyun ərzində bir neçə qol epizodumuz oldu, lakin şansları dəyərləndirə bilmədik. Yığma oyunları ilə əlaqədar fasilə bizim üçün çox vacib olacaq.”

    15.09.2024 – VI tur, “Zirə” ilə (0:2) oyundan sonra:
    “Belə bir oyunla nəsə gözləmək çətindir. Sözlərimi tutmadım, üzr istəyirəm. Hamımız bu çıxış üçün azarkeşlərdən üzr istəməliyik.”

    20.09.2024 – VII tur, “Qarabağ”la (0:4) oyundan sonra:
    “Komandanın istədiyimiz oyunu göstərməsi üçün vaxt yetərsizdir. Amma indi susmaq daha yaxşıdır. Bütün tənqidlər məni narahat etmir, amma məsuliyyət də üzərimdədir.”

    28.09.2024 – VIII tur, “Sumqayıt”la (1:1) oyundan sonra:
    “Psixoloji təzyiq komandanın performansına ciddi təsir edir. Bizə yalnız qələbə komandanın ruhunu bərpa edə bilər.”

    04.09.2024 – IX tur, “Kəpəz”lə (3:4) oyundan sonra:
    “Azarkeşlər mənimlə bağlı sərt ifadələr səsləndirdilər, lakin onların haqlı olduğunu başa düşürəm. Onların səbrinə görə təşəkkür edirəm. İstefa məsələsini burda müzakirə etməyəcəyik.”

    Əlaqəli Məqalələr

    Şərhlər

    BIR CAVAB BURAXIN

    şərhinizi daxil edin!
    Buraya adınızı daxil edin

    Məqaləni Paylaş

    Son Rəylər

    Xəbər Bülleteni