UEFA-nın futbol geyimləri ilə bağlı qaydalarına əsasən, klublar Avropa yarışlarında iştirak edərkən formalarında əks olunan elementlərə xüsusi diqqət yetirməlidirlər.
İdman.biz Britaniyanın “FourFourTwo” nəşrinə istinadən xəbər verir ki, bu mövsümdən başlayaraq Avropanın bütün klubları formalarında sponsorluq qaydalarına ciddi riayət etməlidirlər.
Çempionlar Liqasının ilk turunda bu qaydaların tətbiqinə dair iki nümunə göstərildi: “Aston Villa” və “Ştutqart” komandaları, müvafiq olaraq, “Yanq Boyz” və “Real Madrid”lə keçirdikləri səfər oyunları üçün formalarında dəyişiklik etməli olublar.
“Aston Villa” öz adi sponsoru “Betano”nu “Acorns” uşaq hospisi və xeyriyyə təşkilatının loqosu ilə əvəz edib. “Ştutqart” isə formalarını titul sponsorunun loqosu olmadan geyinib, halbuki normalda komanda “Winamax” bukmeker kontorunun loqosunu reklam edir.
Bu dəyişikliklər UEFA-nın qaydaları və fərqli ölkələrdə tətbiq olunan reklam məhdudiyyətləri ilə əlaqədardır. UEFA yarışlarında tütün məhsulları və “ağır spirtli içkilər”in reklamına tam qadağa qoyulub. “Ağır spirtli içkilər” 15%-dən çox spirt tərkibli olan içkilər kimi təsnif edilir və bu, yalnız tətbiq olunan milli qanunvericilikdə xüsusi bir limit müəyyən edilmədiyi hallarda keçərlidir.
Komandalar həmçinin matçın keçirildiyi ölkənin qaydalarına da riayət etməlidirlər. Məsələn, İsveçrə və İspaniya kimi ölkələrdə qumarla bağlı reklamlar da köynəklərdə əks olunmamalıdır.
Ötən il Premyer Liqa klubları, 2026/27 mövsümündən etibarən qumar şirkətlərini titul sponsorları kimi qəbul etməyəcəklərinə dair könüllü razılığa gəldilər, lakin hazırda bir çox klublar hələ də bu şirkətlərlə əməkdaşlıq edir.
“Aston Villa”, “Bornmut”, “Brentford”, “Kristal Pelas”, “Everton”, “Fulhem”, “Lester”, “Nottingem Forest”, “Southempton”, “Vest Hem” və “Vulverhempton” klublarının əsas sponsorları bukmeker şirkətləridir.
“Aston Villa” UEFA yarışlarında çıxış edən yeganə klubdur. Çempionlar Liqasında iştirak edən Şotlandiya təmsilçisi “Seltik” də gələn ay Atalantaya qarşı keçirəcəyi oyunda formasından “Dafabet” loqosunu çıxarmalı olacaq.