Roland Qarros kortlarında adını tarixə qızıl hərflərlə yazdıran Novak Cokoviç bu dəfə bir neçə əlamətdar nəticə ilə gündəmə gəlib. Serbiyalı tennisçi Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində ardıcıl 16-cı dəfə 1/4 finala yüksəlib. O, bu uğura britaniyalı Kemeron Norri üzərində 6:2, 6:3, 6:2 hesablı inamlı qələbə ilə nail olub.
Bu nəticə ilə Novak Cokoviç Roland Qarros turnirində 100-cü qələbəsini qazandı. Bu göstərici ilə o, yalnız Rafael Nadaldan geri qalır (112 qələbə). Serb tennisçinin digər “Böyük Dəbilqə” turnirlərindəki göstəriciləri də diqqət çəkir:
- Australian Open – 99 qələbə
- Wimbledon – 97 qələbə
- US Open – 90 qələbə
Cokoviç daha bir tarix yazaraq 1971-ci ildən bəri Roland Qarrosun ən yaşlı 1/4 finalçısı oldu. Həmin vaxt bu uğura macar tennisçisi İştvan Gulyas nail olmuşdu. Bundan başqa, Cokoviç “Böyük Dəbilqə” turnirlərində 62-ci dəfə 1/4 finala yüksəlib və bu sahədə şəxsi rekordunu yeniləyib.
Cokoviç yarımfinal uğrunda növbəti qarşılaşmasında ötənilki finalçı Aleksandr Zverev ilə qarşılaşacaq. Bu görüş turnirin əsas oyunlarından biri kimi gözlənilir.