Onlar indi haradadır? “Çelsi” və PSJ-də oynamış 5 məşhur futbolçu

Çelsi və PSJ dünya futbolunun son onilliklərdə ən çox ulduz futbolçuları bir araya gətirən klublarından olub. Bu iki nəhəng komandanın heyətində çıxış edən bəzi oyunçular həm Londonda, həm də Parisdə azarkeşlərin yaddaşında dərin iz buraxıb. Onların bir qismi karyerasının zirvəsini bu klublarda yaşayıb, digərləri isə fərqli mərhələlərdə burada çıxış edərək futbol tarixində maraqlı iz buraxıb.

Bu yazıda həm “Çelsi”, həm də PSJ forması geyinmiş beş tanınmış futbolçunun karyera yoluna və hazırkı fəaliyyətinə nəzər salırıq.

Nikola Anelka

Nikola Anelka peşəkar futbol yoluna PSJ-də başlasa da, gənc yaşında “Arsenal”a keçidi onun karyerasında dönüş nöqtəsi oldu.

17 yaşında Londona gələn hücumçu qısa müddətdə Premyer Liqada özünü sübut etdi. 1998/99 mövsümündə 35 oyunda 17 qol vuraraq liqanın ən məhsuldar oyunçularından biri oldu.

1999-cu ildə “Real Madrid”ə transfer olunsa da, İspaniyada istədiyi uğuru qazana bilmədi və 2000-ci ildə 35 milyon avroya yenidən PSJ-yə qayıtdı. Lakin baş məşqçi Luis Fernandeslə yaşadığı problemlər səbəbindən klubda uzun müddət qala bilmədi. Sonrakı illərdə “Liverpul”, “Mançester Siti”, “Fənərbaxça” və “Bolton” kimi klublarda çıxış etdi.

2008-ci ildə “Çelsi”yə transferi bir çoxları üçün gözlənilməz olsa da, Anelka burada karyerasının ən stabil dövrünü keçirdi. Dörd mövsüm ərzində 184 oyunda 59 qol və 28 məhsuldar ötürmə ilə yadda qaldı, 2010-cu ildə Premyer Liqa çempionu oldu.

Daha sonra Çin, İtaliya və Hindistanda çıxış edən futbolçu 2016-cı ildə karyerasını bitirdi. Futboldan sonra məşqçi köməkçisi, idman direktoru və məsləhətçi kimi müxtəlif vəzifələrdə çalışıb.

Aleks

Aleks “Santos” akademiyasının yetirməsi olaraq 2004-cü ildə “Çelsi”yə keçdi. Lakin iş icazəsi problemləri səbəbindən ilk illərini PSV-də icarədə keçirdi. Niderlandda göstərdiyi performansdan sonra Londona qayıdan müdafiəçi qısa müddətdə əsas heyətin vacib üzvünə çevrildi. Onun güclü və uzaq məsafədən vurduğu zərbələr Premyer Liqada xüsusi diqqət çəkirdi.

2010/11 mövsümündə ciddi diz zədəsi alsa da, sonradan əvvəlki formasını tam bərpa edə bilmədi. 2012-ci ildə 5 milyon avro qarşılığında PSJ-yə transfer olundu və burada yeni qurulan komandanın əsas müdafiəçilərindən biri oldu.

İki yarım mövsüm ərzində klubun çempionluqlarında mühüm rol oynadı. 2014-cü ildə “Milan”a keçdi və iki il sonra karyerasını bitirdi. Hazırda Braziliyada yaşayır, futbol fəaliyyətindən uzaqdır və əsasən şəxsi həyatı ilə məşğuldur.

Klod Makelele

Klod Makelele müasir dayaq yarımmüdafiəçi anlayışını dəyişən futbolçulardan biri hesab olunur. “Real Madrid”də çıxış etdiyi dövrdə onun rolu tez-tez qiymətləndirilməsə də, 2003-cü ildə “Çelsi”yə keçidi hər şeyi dəyişdi.

London klubunda Joze Mourinyo-nun əsas fiqurlarından birinə çevrilən Makelele beş mövsümdə iki Premyer Liqa çempionluğu, FA Kuboku və digər titullar qazandı. Onun müdafiə ilə hücum arasında balans yaradan oyunu komandanın uğurlarında həlledici rol oynadı.

2008-ci ildə 35 yaşında PSJ-yə keçən futbolçu əvvəlcə karyerasını bitirməyi planlaşdırsa da, fikrini dəyişərək daha iki mövsüm oynadı və yalnız 2011-ci ildə futbolla vidalaşdı.

Daha sonra məşqçi köməkçisi kimi PSJ-də fəaliyyət göstərdi, həmçinin “Bastiya”, “Monako” və digər klublarda işləyib. Hazırda aktiv məşqçilik fəaliyyəti yoxdur.

David Luiz

David Luiz 2011-ci ildə “Benfika”dan “Çelsi”yə transfer olunaraq qısa müddətdə komandanın əsas müdafiəçilərindən birinə çevrildi. Texnikası və oyunu qurmaq bacarığı ilə seçilən braziliyalı futbolçu klubla birlikdə Çempionlar Liqası, Avropa Liqası və İngiltərə Kubokunu qazandı.

2014-cü ildə PSJ-yə rekord məbləğə transfer olunan Luiz həmin dövrdə futbol tarixinin ən bahalı müdafiəçisi oldu. Parisdə keçirdiyi iki mövsümdə bütün daxili titulları qazandı və liqanın rəmzi komandalarına düşdü.

2016-cı ildə yenidən “Çelsi”yə qayıdaraq daha bir Premyer Liqa çempionluğu qazandı. 2019-cu ildə “Arsenal”a keçdi, daha sonra Braziliyaya dönərək “Flamenqo” və “Fortaleza”da çıxış etdi. 2025-ci ildən etibarən Kiprin “Pafos” klubunda oynayır və 38 yaşında hələ də aktiv karyerasını davam etdirir.

Tiaqo Silva

Tiaqo Silva karyerasının əvvəlində ağır xəstəliklə üzləşsə də, futbola qayıdaraq dünya səviyyəli müdafiəçiyə çevrildi. “Fluminense”dən sonra “Milan”a keçidi onun Avropadakı yüksəlişinin başlanğıcı oldu.

2012-ci ildə PSJ-yə transfer olunan Silva səkkiz il ərzində komandanın kapitanı kimi çıxış etdi və yeddi dəfə Fransa çempionu oldu. Bu müddətdə o, liqanın ən sabit və etibarlı müdafiəçilərindən biri kimi tanındı.

2020-ci ildə “Çelsi”yə qoşulan Silva burada da uğur qazandı və Çempionlar Liqasını qazanan heyətin əsas üzvlərindən biri oldu. 2024-cü ildə Braziliyaya qayıtsa da, sonradan yenidən Avropaya dönərək “Portu” ilə müqavilə imzaladı. 41 yaşında olmasına baxmayaraq, hələ də yüksək səviyyədə çıxış edir.

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni