“Formula 1” üzrə dünya çempionatının doqquzuncu mərhələsi olan İspaniya Qran-prisi başa çatıb. “MakLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Barselona-Katalunya trasında keçirilən yarışda birinci yeri tutub.
Sport-az.com xəbər verir ki, bu, onun cari mövsümdə qazandığı beşinci qələbədir. Bu nəticə ilə Piastri ümumi sıralamada liderliyini daha da möhkəmləndirib – onun hesabında artıq 186 xal var.
İkinci pillədə finişə çatan onun komanda yoldaşı Lando Norris (Böyük Britaniya) mövsüm üzrə də ikinci sıraya yüksəlib – 176 xalla. Üçüncü yeri isə “Ferrari”nin monakolu sürücüsü Şarl Lekler tutub.
Keçmiş dünya çempionu Maks Ferstappen (Niderland) bu mərhələdə uğursuz çıxış edərək 10-cu olub və hazırda ümumi sıralamada üçüncüdür (137 xal).
Konstruktorlar Kuboku: “MakLaren” zirvədə
Komanda hesabında “MakLaren” birinci yerdə qərarlaşıb – 362 xal. Onların ardınca “Ferrari” (165) və “Mercedes” (159) gəlir. Növbəti mərhələ 13–15 iyun tarixlərində Kanadada baş tutacaq.