PSJ Bavariyanı məğlub edərək Klublararası Dünya Çempionatının yarımfinalına yüksəldi

Fransa nəhəngi “Paris Sen-Jermen” (PSJ) Klublararası Dünya Çempionatı-2025-in ən dramatik və yaddaqalan oyunlarından birində Almaniyanın “Bavariya” klubunu 2:0 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazandı. Qarşılaşma 5 iyul tarixində ABŞ-ın İst-Raterford şəhərindəki “Midoulends” stadionunda keçirilib.

Oyun boyunca gərginlik bir an da səngimədi. İlk hissədə “Bavariya” hücumda daha fəal olsa da, PSJ də təhlükəli anlar yaratdı. Komanda qapıçısı Canluici Donnarumma bir neçə dəfə komandasını xilas etdi. Hissənin sonlarına doğru Upamekanonun vurduğu qol ofsayt səbəbilə sayılmadı. Ardınca isə stadionu sükuta qərq edən an yaşandı — Donnarumma ilə toqquşan Camal Müsiala ayaq sümüklərindən ağır zədə aldı və meydanı xərəkdə tərk etdi.

İkinci hissədə təşəbbüsü ələ alan PSJ, 78-ci dəqiqədə nəhayət hesabı açdı. Aşraf Hakimi sağ cinahdan ötürmə etdi və gənc ulduz Varren Zaire-Emeri (Dü) uzaq məsafədən dəqiq zərbə ilə topu qapıya göndərdi – 1:0. Manuel Noyer zərbəni gec gördüyü üçün reaksiya verə bilmədi.

PSJ 82-ci dəqiqədə bir oyunçu azlıqda qaldı – müdafiəçi Vilyam Paço Leon Qoretskaya qarşı sərt müdaxiləyə görə birbaşa qırmızı vərəqə aldı. Komanda 90+2-ci dəqiqədə daha bir zərbə aldı – ehtiyatdan meydana çıxan Lukaş Ernandes Rafael Gerrero ilə mübahisədə dirsəyi ilə rəqibin üzünə zərbə endirdi və meydandan qovuldu.

Lakin bu epizodlar belə parisliləri dayandıra bilmədi. 90+6-cı dəqiqədə Hakimi solo reydlə bütün müdafiəni keçdi və Usman Dembeleyə ötürmə etdi – o da dəqiq zərbə ilə hesabı 2:0 etdi.

Bu nəticə ilə PSJ Klublararası Dünya Çempionatının yarımfinalında “Real Madrid” ilə qarşılaşacaq.

2025 Klublararası Dünya Çempionatı – 1/4 final
PSJ – Bavariya – 2:0 (0:0)
Qollar: Dü, 78; Dembele, 90+6
Qırmızı vərəqələr: Paço, 82; Ernandes, 90+2

Əlaqəli Məqalələr

Şərhlər

Məqaləni Paylaş

Son Rəylər

Xəbər Bülleteni