UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün yarımfinal mərhələsi “Arsenal” – PSJ qarşılaşması ilə start götürüb. “Emireyts” stadionunda baş tutan oyunda fransızlar 0:1 hesablı qələbə qazanaraq ilk dəfə “Arsenal”ı avrokuboklarda məğlub etdilər.
Çempionlar Liqası – Yarımfinal (İlk oyun)
📍 Arsenal – PSJ – 0:1
⚽️ Qol: Dembelenin 4-cü dəqiqədəki zərbəsi
Matçın gedişi
Oyunun start fiti səsləndikdən cəmi 4 dəqiqə sonra PSJ ilk hücumunda qol vurdu. Müdafiənin boşluğundan istifadə edən Usman Dembele, Kxviça Kvaratsxeliya ilə əla anlaşma quraraq epizodu dəqiq zərbə ilə tamamladı. Bu, onun cari turnirdəki 8-ci qolu oldu.
Qoldan sonra PSJ hesabı qorumağa üstünlük verdi, “Arsenal” isə ilk hissədə ritmini itirmiş görünürdü. Yalnız hissənin sonunda Martinelli iki təhlükəli zərbə ilə oyuna rəng qatmağa çalışdı, amma hesab dəyişmədi.
İkinci hissəyə “topçular” daha fəal başladı. Marino qol vursa da, VAR onun ofsaydda olduğunu göstərdi və qolu ləğv etdi. Ardınca Trossardın zərbəsini Donnarumma möhtəşəm qurtardı.
Lakin oyun bir müddət sonra sakit tempə keçdi. “Arsenal” bərabərlik axtarışında uğursuz oldu. Yeganə xatırlanası epizod Sakanın ofsayddan etdiyi zərbə idi.
PSJ isə Barcola və Ramuşun son dəqiqələrdəki fürsətləri ilə ikinci qolu vura bilərdi. Ramuşun zərbəsi dirəyə dəyib geri döndü.
PSJ tarixində ilk dəfə “Arsenal”ı məğlub etdi
Bu oyunadək iki komanda 5 dəfə avrokuboklarda qarşılaşıb. “Arsenal” 2 qələbə qazanmış, 3 görüş heç-heçə ilə nəticələnmişdi. Bu isə PSJ-nin ilk tarixi qələbəsidir.
Cavab oyunu nə vaxtdır?
Cavab qarşılaşması 7 may tarixində Parisdə, “Park de Prens” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq. Final isə 31 mayda Münhendəki “Allianz Arena”da keçiriləcək. PSJ və “Arsenal” cütünün qalibi həlledici oyunda “Barselona” – “İnter” cütünün qalibi ilə qarşılaşacaq.